Ana səhifə / Köşə yazılar / Ədliyyə tariximizin fəxarətli səhifələri

Ədliyyə tariximizin fəxarətli səhifələri

1917-ci ildə Çar Rusiyasında baş vermiş inqilab nəticəsində, “xalqlar həbsxanası” adlandırılan mütləqiyyət rejimi dağıldı. 1918-ci il fevralın 14- də Zaqafqaziyadan Rusiya Dövlət Dumasına seçilmiş deputatlar Tiflisdə toplaşaraq, Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Lakin bu idarəetmə qurumunun mövcudluğu uzun sürmədi və həmin il may ayının 25-də keçirilən son iclasında gürcü deputatlar Seymdən çıxdıqlarını elan edərək, növbəti gün, yəni may ayının 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. Bir gün sonra isə Seymin bütün müsəlman deputatları Tiflisdə toplaşaraq, qızğın müzakirələrdən sonra 28 may 1918-ci il tarixdə Azərbaycanın idarə olunmasını öz üzərlərinə götürməklə, Azərbaycan Milli İslam Şurasının yaradıldığını elan etdilər.

Azərbaycan Milli İslam Şurasının 28 may 1918-ci il tarixli qərarı ilə, Fətəli xan Xoyski başda olmaqla, 9 nəfərdən ibarət tərkibdə müvəqqəti hökumət təşkil olundu və Xəlil bəy Xasməmmədov Azərbaycan Xalq Cumhuriyyətinin ilk ədliyyə naziri kimi müvəqqəti hökumətin tərkibinə daxil oldu. Beləliklə, məqalələrinin birində Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə Hüquq-Şurasının sədri cənab Fikrət Məmmədovun da, qeyd etdiyi kimi, Azərbaycan Demokratik Respublikasında Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə — 1918-ci il may ayının 28- də təsis olunmuşdur. Yeri gəlmişkən, onu da xatırladım ki, Nəsib bəy Yusifbəylinin başçılığı ilə təşkil olunmuş dördüncü hökumətdə ədliyyə naziri postunu əslən indiki Goranboy rayonundan olan Aslan Bəy Səfikürdiski tutmuşdur.

Cümhuriyyətin Ədliyyə Nazirliyinin fəaliyyətə başladığı həmin dövrdə Azərbaycanda çar mütləqiyyətini təmsil edən məhkəməhüquq sistemi artıq öz fəaliyyətlərini tamamilə dayandırmışdı. Gəncə Dairə Məhkəməsi öz mövcudluğunu qoruya bilsə də, faktiki olaraq, işləmirdi. Qəzalardakı bir çox barışıq hakimləri, magistratura və prokurorluq əməkdaşları respublikanı tərk etmiş, binaları isə talan edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasına baxmayaraq, Bakıda hələ də Stepan Şaumyan başda olmaqla, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərməkdə idi. Baxmayaraq ki, Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və s. yerlərdə törədilən qırğınlardan sonra Bakı Kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi və onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə, tam hakimiyyətsizlik və hərc-mərclik hökm sürməkdə idi.

17 iyun 1918-ci il tarixdə Milli İslam Şurası Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin birinci müvəqqəti hökumətinin istefasını qəbul etdi və Fətəli xan Xoyskinin sədrliyi ilə 12 nəfərdən ibarət tərkibdə ikinci müvəqqəti hökumət təşkil etdi. Əvvəlki hökumətdə olduğu kimi, yeni hökumətdə də ədliyyə naziri vəzifəsini Xəlil bəy Xasməmmədov tutdu.

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa dövr ərzində ədliyyə, məhkəmə, polis və prokurorluq orqanlarının yaradılması istiqamətində çox mühüm işlər görmüşdür. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə həmin vaxta qədər olan anarxiya dövrünün məhkəmələri və məhkəmə funksiyalı komissiyaları ləğv edildi və elə həmin qərarla da Bakı Dairə Məhkəməsinin idarələri, o cümlədən, prokurorluğun fəaliyyəti bərpa olundu. Az sonra, yəni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 22 noyabr 1918-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi. Məhz elə həmin tarix əsas götürülərək, Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2001-ci il tarixli Fərmanı ilə 22 noyabrın hər il ölkəmizdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilməsi qərara alınmışdır. Xatırladaq ki, Ədliyyə Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Əsasnaməsi cəmi 9 maddədən ibarət idi. Əsasnamənin 1-ci maddəsinə əsasən, Ədliyyə Nazirliyinin strukturu aşağıdakı kimi təsdiq edilmişdir: ədliyyə naziri, ədliyyə nazirinin yoldaşı (yəqin ki, köməkçisi), nazirin yanında məsləhətxana, nazirliyin dəftərxanası. Göründüyü kimi, həmin vaxt Ədliyyə Nazirliyinin strukturu sadə, ştat vahidləri isə az sayda olmuşdur. Əsasnamədə nazirliyin, nazir də daxil olmaqla, 22 nəfərdən ibarət ştat cədvəli təsdiq edilmiş, əməkdaşların aylıq vəzifə maaşları və həmin ştatların saxlanılması üçün illik vəsaitin məbləği göstərilmişdi. Əsasnamənin 2-ci maddəsinə əsasən, ədliyyə naziri nazirliyin fəaliyyətinə ümumi rəhbərlik edirdi. Ədliyyə naziri, eyni zamanda, Baş Prokuror və həmçinin, həbsxanalar üzrə Himayədarlıq Cəmiyyətinin prezidenti hesab edilirdi.

Ədliyyə Nazirliyinin, ilkin olaraq, cəmi 22 nəfərdən ibarət təşkil olunmasını daha çox, məhz maliyyə və ixtisaslı kadr çatışmazlığı ilə əlaqələndirirlər. Əlbəttə, belə sayca məhdud kontingentlə səmərəli fəaliyyət göstərmək, praktiki cəhətdən, qeyrimümkün idi. Odur ki, Ədliyyə Nazirliyinin rəhbərliyi 28 noyabr 1919-cu il tarixdə 8089 N-li məktubla nazirliyin ştat vahidlərinin artırılması barədə Parlamentin sədrinə müraciət etmişdir. Hökumətin 1919-cu il 11 avqust və 1 sentyabr tarixli qərarları ilə Ədliyyə Nazirliyi qulluqçularının sayı 1920-ci ilin əvvəlinə olan məlumata görə, 35 nəfərə çatdırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin görmüş olduğu mühüm tədbirlərdən biri də bu idi ki, həmin dövrdə həbs evləri adlandırılan cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tabeçiliyinə verilməsi oldu. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 11 avqust 1919-cu il tarixli Qərarı ilə həbsxana işləri Daxili İşlər Nazirliyinin tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçirildi. Cəmisi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hörmətli ədliyyə və məhkəmə orqanları üçün kadr hazırlığı işi istiqamətində də yaddaqalan işlər görüb. 1919-cu ilin iyununda gənc kadrların hazırlanması üçün Məhkəmə Palatası yanında 6 aylıq kurslar açılıb. Seçilmiş 11 nəfər gəncdən 9 nəfəri ədliyyə sisteminə ştatlı vəzifəyə təyin edilmiş, bir nəfər isə barışıq sahəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1919-cu il dekabrın 22-də isə Azərbaycan Respublikası Məhkəmə Palatasının sədri tərəfindən Ədliyyə Nazirliyinə “Müvəqqəti hüquq kurslarının təsis edilməsi haqqında” qanun layihəsi təqdim edilmişdi. Qanun layihəsində göstərilirdi: “Orta təhsil məktəblərinin, ən azı, altı sinfini bitirmiş Azərbaycan vətəndaşlarının hazırlığı üçün Ədliyyə Nazirliyi yanında altı aylıq müvəqqəti pulsuz hüquq kursları təsis edilsin”.

Maraqlı məqamlardan birisi də budur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq məhkəmə orqanlarının tərkibində fəaliyyət göstərməklə, əsasən, məhkəmədə dövlət ittihamını müdafiə etmək funksiyasını həyata keçirirdi. Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti prokurorluğunun fəaliyyəti ilə bağlı normativ-hüquqi aktlarda prokurorluğun ibtidai istintaqda iştirakı və nəzarəti nəzərdə tutulmamışdı.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin özü kimi, onun ədliyyə orqanları da, nisbətən qısa müddət yaşasa da, şərəfli bir yol keçmiş və onun hər səhifəsi xalqımızın yaddaşında əbədi olaraq həkk olunmuşdur.

Məlum olduğu kimi, 70 il ərzində Sovet rejiminin dəhşətli repressiyaları ilə müşayiət olunan qadağalara baxmayaraq, müstəqillik yaddaşı ictimai-siyasi həyatda, folklorda, ədəbiyyatda və incəsənətdə özünü zaman-zaman büruzə verməklə yaşamışdır. Müstəqillik ideyalarını aşkar və ya gizli yaymağa görə, müxtəlif vaxtlarda ayrı-ayrı insanların cinayət məsuliyyətinə cəlb olunaraq, repressiyaya uğradılması faktı indi hər kəsə bəllidir. Azərbaycan Xalq Cumhuriyyətinin repressiyadan yayınaraq, xaricə qaça bilən ayrı-ayrı liderlərinin müstəqillik ideyalarına uzun illər sədaqətlə xidmət etməsi faktları da indi hər bir azərbaycanlı tərəfindən ehtiramla yad edilir. Sovetlər rejiminin tüğyan etdiyi vaxtda Bakıda bir neçə nəfər gənc tərəfindən üçrəngli Azərbaycan bayrağının Qız Qalası üzərinə qaldırılması faktı da, əsl vətənpərvərlik və fədakarlıq nümunəsi olmaqla, müstəqillik ideyasının xalqın ən müxtəlif təbəqələrinin qan yaddaşında nəsildən-nəsilə ötürülməsinin ibrətamiz örnəklərindən biri kimi dəyərləndirilməlidir.

Bu cəhətdən Şuşa şəhər sakinlərindən birinin bu yaxınlarda muzeyə təqdim etdiyi xalça da xüsusi maraq doğurur. Belə ki, 1926-cı ildə — AXC-nin süqutundan 4 il sonra toxunmuş qırmızı rəngli xalçanın tən ortasında ay və səkkizguşəli ulduz, yəni işğal olunmuş Azərbaycanın bayrağı təsvir edilmişdir. Bu yerdə “Şuşanın dağları” mahnısını da yada salmaq yerinə düşərdi. Mahnıdakı təsvirə diqqət edin: “Şuşanın dağları başı dumanlı (göy rəng), qırmızı koftalı, yaşıl tumanlı, dərdindən ölməyə çoxdur gümanlı…” Göründüyü kimi, yenə Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı və həmin bayraq uğrunda ölməyə hazır olmaq eyhamı. Başqa bir misal.

1978-ci ildə Naftalan şəhərində inşa edilmiş olan və hazırda şəhər məhkəməsinin fəaliyyət göstərdiyi binanın həyətinin giriş hissəsində təxminən 15-16 kv. m. ərazidə rəngli mərmər tozundan tökülmüş böyük səkkizguşəli ulduz indi də qalmaqdadır. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin Bakıya bəxş etdiyi və o dövrün möhtəşəm tikintilərindən olan “Gülüstan” Sarayının çilçırağının, məhz Ulu Öndərin müdaxiləsi və şəxsi eskizi ilə səkkizguşəli hazırlanması faktı bu gün də yaddaşlarda yaşamaqdadır. O illərdə Bakı şəhərinin Baş arxitektoru işləmiş Rasim Əliyev xatirələrində bildirir ki, Ulu Öndər tikintisi başa çatmaqda olan saraya baş çəkərkən, iclas zalındakı çilçırağı bəyənmədi və yeni çilçırağın eskizini şəxsən özü verdi. Bir çoxları kimi, mən də çox-çox sonralar, daha doğrusu, Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra başa düşdüm ki, səkkizguşəli ulduz milli ornament olmaqla, həm də Azərbaycan gerbinin və bayrağının mühüm elementlərindən biridir. Bu və buna bənzər çoxsaylı faktlar və hadisələr, bütövlükdə, əsrlər boyu ayrı-ayrı adlarla neçəneçə dövlət qurmuş Azərbaycan xalqının nəsildən-nəsilə ötürdüyü dövlətçilik yaddaşının təzahürləridir. Məhz dövlətçilik ənənələrimiz və genetik yaddaş cümhuriyyətin süqutundan az sonra Azərbaycan dövlətçiliyinin yenidən bərpa olunmasında mühüm xidmətləri olan o dahi insanı — xalqımızın Ümummilli Lideri Heydər Əliyev fenomenini yetişdirdi. Məhz Heydər Əliyev Sovet rejiminin imperiya ambisiyalarının tüğyan etdiyi bir vaxtda böyük uzaqgörənliklə bütün şüurlu fəaliyyətini və ömrünü müstəqilliyinə inandığı Azərbaycanın milli kadrlarının, ordusunun, elminin, bir sözlə, müstəqil Azəbaycan dövlətinin bərpasına hazırlığa sərf etmişdir. Özü də bütün bunları rejimin özünün resurslarından da faydalı surətdə yararlanmaqla etmişdır.

Məhz Ulu Öndər Heydər Əliyev 90-cı illərin əvvəllərində müstəqilliyimiz üçün təhlükə yarandıqda, öz siyasi dühası ilə Azərbaycan xalqını, Azərbaycan dövlətini və Azərbaycan dövlətçiliyini xilas etməklə bütün dünyaya qətiyyətlə bəyan etmişdir ki, Azərbaycanın müstəqilliyi dönməzdir və əbədidir.

 

İsmayıl Abdurəhmanlı,

Goranboy Rayon Məhkəməsinin sədri

 

 

Haqqında qarayev

Həmçinin oxuyun

Türkiyədə təhsil alan azərbaycanlı məzunlar Bakıda görüşəcəklər

Türkiyənin ali məktəblərinin məzunu olan soydaşlarımız noyabrın 14-də Bakıda bir araya gələcəklər. Türkiyənin Xaricdəki Türklər …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *