ƏDLİYYƏ NAZİRLİYİ “AÇIQ QAPI” GÜNÜ KEÇİRİB

ƏDLİYYƏ NAZİRLİYİ “AÇIQ QAPI” GÜNÜ KEÇİRİB

02.06.2021 Off By admin

BMT Baş Assambleyasının qərarına əsasən müəyyən edilmiş 1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ölkəmizdə geniş qeyd edilir. Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar üçün uşaqları ilə və Tərbiyə müəssisəndə yeniyetmə  məhkumların valideynləri ilə “açıq qapı” günü keçirilib.

Tədbirlərdə nazirliyin və Penitensiar xidmətin məsul işçiləri, Vəkillər Kollegiyasının, “Ümidli Gələcək Sosial Təşəbbüslər” ictimai birliyinin, xeyriyyə təşkilatlarının və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsindən, uşaqların hərtərəfli inkişafına göstərilən yüksək qayğıdan, uşaq hüquqlarının etibarlı təmin olmasına xidmət edən mühüm tədbirlərdən bəhs olunub. Uşaqların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi, bu sahədə çoxşaxəli təşəbbüslərin reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun xidmətləri qeyd olunub.

Cəmiyyətimizin həssas təbəqəsi olan qadın və yeniyetmə məhkumların hüquqlarının təminatı, islah prosesinin və asudə vaxtının səmərəli təşkili, xüsusi karantin rejimi şəraitində yeniyetmə məhkumların valideynləri, həmçinin qadın məhkumların uşaqları ilə ünsiyyət qurmaları üçün videokonfrans formatında görüşlərin, habelə məhkumların sosial adaptasiyası məqsədilə onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə bağlı vətəndaş cəmiyyəti institutları ilə birgə proqramların, təlim-tədris kurslarının keçirilməsi qeyd edilib.

Sonra Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbirləri təşkil olunub. Tədbir iştirakçıları əlamətdar bayram münasibətilə uşaqları təbrik edib, onlara hədiyyələr təqdim ediblər. Musiqili-əyləncəli konsert proqramı ilə davam edən tədbirlər uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar üçün Ədliyyə Nazirliyi tərəfindən belə tədbirlərin təşkil olunmasına görə minnətdarlıq ifadə olunub.

 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Share