20 Yanvar hadisələrinə görə beynəlxalq cinayət məsuliyyəti məsələləri

17.01.2020 Off By admin

Bu il 1990-cı il 20 Yanvar hadisələrindən – keçmiş sovet imperiyasının rəhbərləri və hərbi qüvvələri tərəfindən Bakıda törədilmiş sülh və insanlıq əleyhinə cinayətdən 30 il ötür. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar hadisələrinə siyasi-hüquqi, xüsusilə beynəlxalq cinayət hüququ müstəvisində qiymət verilməsi həm elmi-nəzəri, həm də praktiki baxımdan önəmlidir.

Bu fikirlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, kiçik ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovun 20 Yanvar hadisələri ilə bağlı yazdığı məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qeyd edək ki, bu ağır cinayətə ilk dəfə 1990-cı il yanvarın 21-də Moskvada ümummilli lider Heydər Əliyev siyasi-hüquqi qiymət verərək, baş vermiş hadisəni “hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd” hesab etdiyini bildirmişdi. Ötən dövr ərzində dövlət səviyyəsində bu məsələ hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncamı ilə bu il ölkəmizdə müxtəlif tədbirlər, aksiyalar, anma mərasimləri, xatirə gecələri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu cinayətə, ümumən Azərbaycan həqiqətlərinə yönəldilir. Eyni zamanda, “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı” təsdiq edilərək, 20 Yanvar hadisələri barədə materialların hazırlanması və KİV-də nəşri və yayılmasının təmin olunması, habelə geniş işıqlandırılması barədə tapşırıqlar verilib.

20 Yanvar hadisələri Azərbaycana qarşı silahlı təcavüzdür

20 Yanvar hadisələrinə, ilk növbədə, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar niyyətlərinə təkan verən və genişmiqyaslı kriminal planları kontekstində keçmiş SSRİ rəhbərliyinin havadarlığı və bilavasitə təşəbbüsü ilə Bakıya sovet ordusu hərbi hissələrinin yeridilməsi ilə nəticələnən silahlı təcavüz cinayətinin bariz nümunəsi kimi yanaşmaq lazımdır.

Hələ ulu öndər Heydər Əliyev 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək, bu cinayətkar hərəkətlərin “İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz” olduğunu xüsusi vurğulamışdı. Əlbəttə, belə uzaqgörənliklə söylənilmiş fikrin sonrakı dövrlərdə müstəsna beynəlxalq hüquqi əhəmiyyəti və konkret nəticələri olub. Ona görə də hesab edirik ki, Bakı şəhərinə hərbi hücumun təşkilinə, Bakıda və digər rayonlarda kütləvi qırğın və insanlıq əleyhinə cinayətlərə görə məhz keçmiş sovet rəhbərliyini vəzifəli şəxslər olaraq beynəlxalq fərdi cinayət məsuliyyətinə cəlb edilməsi hər zaman aktual olaraq qalmaqdadır.

Xüsusilə vurğulamaq istərdik ki, bu hadisəyə məhz beynəlxalq hüquqi nöqteyi-nəzərdən sülh və insanlıq əleyhinə cinayətlərdən biri – təcavüz kimi yanaşma hadisələrin mahiyyəti və cinayətin obyektiv elementləri baxımından da məqsədəmüvafiq hesab edilə bilər. Çünki təcavüz istənilən dövrdə beynəlxalq demokratik proseslərə təsir imkanlarına malik hüquqi-siyasi problem olmaqla, törədilən hüquq pozuntusuna görə məsuliyyətin birbaşa dövlətlərin və onların rəhbər şəxslərinin üzərinə yönəldiyi transmilli, kriminal xarakterli konkret hərəkət və hərəkətsizlikdən ibarət ən ağır cinayət əməlidir. Bu mənada tam əminliklə söyləmək olar ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı qoşun yeridilməsi faktı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş hərbi təcavüzdür. Qeyd edək ki, BMT Baş Assambleyasının Təcavüzün Tərifi haqqında 1974-cü il 14 dekabr 3314 saylı qətnaməsinə görə, təcavüz bir dövlətin digər dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə bu və ya digər şəkildə BMT Nizamnaməsi ilə bir araya sığmayan silahlı güc tətbiq etməsi hesab olunur. Göründüyü kimi, bu cinayətin obyektiv cəhətlərindən biri silahlı gücün tətbiqi, digəri isə həmin hüquqazidd hərəkət və hərəkətsizliyin dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə yönəlməsidir. Tərifə əsasən, təcavüzkar və təcavüz qurbanı qismində suveren dövlətlər tanınır. Keçmiş SSRİ Konstitusiyasına (81-ci maddə) və bu qurumun yaradılması haqqında müqaviləyə görə Azərbaycan de-yure suveren dövlət idi və belə bir hərbi intervensiya onun suveren hüquqlarının kobud şəkildə pozulması qənaətinə gəlməyə tam hüquqi əsas yaradır.

20 Yanvar hadisələrinin tarixi-siyasi tərəfləri

O dövrdə sovet mətbuatı ermənilərin təhriki ilə ictimai şüura açıq-aşkar ideoloji təsir göstərir, ermənilərin separatçılığını sovet hakimiyyəti illərində guya Azərbaycan hökuməti tərəfindən törədilən sıxışdırmalara, təhqirlərə və ayrı-seçkiliyə qarşı məcburi etiraz hərəkəti kimi qələmə verirdi. XX əsrin axırlarında sovet rəhbərləri bir tərəfdən, ermənilərin ərazi iddialarının təmin olunması, digər tərəfdən azərbaycanlıları daha da sıxışdırmaq məqsədilə onların yaşadıqları ərazilərin kiçildilməsi siyasətinin davam etdirilməsi üçün cinayətkar məqsədli ardıcıl addımlar atdılar. Məhz buna görə 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə “birləşdirilməsi” haqqında hüquqazidd sənəd qəbul etdikdə Moskva buna göz yumdu. Halbuki bu akt faktiki olaraq Dağlıq Qarabağın ilhaqı və Azərbaycana qarşı ermənilərin təcavüz planının ilkin elementi idi. Bu səbəbdən də 20 Yanvar cinayətlərinin bu hadisələrlə birbaşa əlaqəsi danılmazdır. Bu hadisələr azərbaycanlılara qarşı iki əsr ərzində davam edən soyqırımı, deportasiya, Azərbaycan ərazisinin zorla qoparılıb Ermənistana verilməsi siyasətinin məntiqi davamı kimi də səciyyələndirilə bilər. Çünki xalq azərbaycanlıların qədimdən bəri yaşadıqları Ermənistanda onlara kütləvi surətdə divan tutulmasını, oradan zorakılıqla qovulmasını dayandırmağı və Dağlıq Qarabağın Ermənistana qatılmasına yol verməməyi tələb edirdi. Bu, Azərbaycan xalqının öz konstitusion tələbi idi və sovet rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə bu haqlı tələbə misli görünməmiş qəddarlıq və cinayətkarlıqla cavab verdi.

Qeyd olunan səbəblərə görə həmin dövrün hadisələrinə bütövlükdə sülh və bəşəriyyət əleyhinə cinayətlər – hərbi təcavüz və insanlıq əleyhinə cinayətlərin baş verdiyi kompleks və genişmiqyaslı beynəlxalq hüquqazidd əməl kimi yanaşmaq daha doğru olardı. Hadisələrin beynəlxalq hüquqa zidd olması haqqında fikirlər həmin dövrdə parlament tərəfindən qəbul olunmuş bir sıra aktlarda da öz ifadəsini tapıb. Bakıda fövqəladə vəziyyətin ləğv edilməsi haqqında Azərbaycan SSR Ali Sovetinin 1990-cı il 22 yanvar tarixli qərarının 1-ci maddəsində qeyd olunur: “Bakıda fövqəladə vəziyyət haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli fərmanı Azərbaycan SSR-in suverenliyinə qarşı təcavüz, bu fərmanın Bakı və onun ətrafında kütləvi qırğına səbəb olmuş icrasına sərəncam vermiş SSRİ ali hakimiyyət orqanlarının və ali vəzifəli şəxslərin hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilsin”. Hadisələrin ilkin təhqiqi haqqında Azərbaycan SSR Ali Soveti İstintaq Komissiyasının 1990-cı il 11 fevral tarixli Bəyanatında isə qeyd olunurdu ki, İttifaq hakimiyyət orqanları ölkənin qanunlarını və beynəlxalq hüquq normalarını saya almadan, Azərbaycan SSR-in suveren hüquqlarına məhəl qoymadan, SSRİ-nin yaradılması haqqında müqavilənin şərtlərini, SSRİ və Azərbaycan SSR konstitusiyalarını kobudcasına pozaraq, respublikanın ali dövlət hakimiyyəti orqanlarının razılığı və fövqəladə vəziyyəti tənzimləyən qanunvericilik aktı olmadan Azərbaycana qeyri-qanuni surətdə qoşun yeritmiş və Bakıda fövqəladə vəziyyət elan etmişlər.

Bu faktlar insan haqlarının ciddi pozuntusu və insanlıq əleyhinə cinayətdir

20 Yanvar hadisələri müasir dövrün insan hüquqları konsepsiyaları və bu sahədə qüvvədə olan beynəlxalq konvensiyaların müddəaları ilə tamamilə üst-üstə düşməyən elementlərlə zəngindir. Çünki həmin dövrdə dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə adamın öldürülərək yaşamaq haqqının əlindən alınması və yaralanması, digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi, onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, eybəcər hala salınmış cəsədlərin qalıqları, qurbanlar arasında qadınlar, qocalar və uşaqlar, azərbaycanlılar, ruslar, tatarlar və yəhudilərin olması faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi və bütün bunlara heç bir əsasla bəraət qazandırmaq qeyri-mümkün idi.

Maraqlıdır ki, həmin dövrdə bu faktlara dünya ictimaiyyətinin də mövqeyi birmənalı olmayıb. Bəzi Qərb ölkələri bu cinayətkar hərəkətləri SSRİ-nin daxili işi hesab edərək, baş vermiş hüquq pozuntularına öz siyasi maraq və mənafeləri prizmasından baxaraq laqeyd yanaşıblar. Böyük Britaniya və İtaliya XİN-ləri bəyanat verərək, Azərbaycanda yaranmış vəziyyəti “SSRİ-nin daxili işi” kimi qiymətləndirirdi. ABŞ isə Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuaylerin şəxsində bəyanat vermişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir. Dövlət Departamenti M.Qorbaçovu açıqca dəstəkləyərək hesab edirdi ki, onun səyləri azərbaycanlılarla ermənilər arasında silahlı toqquşmanın dayandırılmasına yönəldilib. Əlbəttə, belə mövqelər həmin dövrün geosiyasi şərait və amilləri ilə sıx bağlı idi. Çünki Qərb dövlətləri anlayırdı ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədərək parçaladığı üçün 20 Yanvar hadisələri kimi analoji faktlar onların “soyuq müharibə” planlarına və strateji məqsədlərinə tamamilə uyğun idi.

Xüsusi qeyd olunmalıdır ki, yanvarın 20-də baş verən faktların obyektiv cəhəti bu əməllərin insanlıq əleyhinə cinayət kimi tövsif olunması üçün tam əsaslar yaradır. Beynəlxalq hüquqi sənədlərə görə insanlıq əleyhinə cinayət sistematik və geniş miqyasda törədilən, hökumət və ya istənilən təşkilat, yaxud qrup tərəfindən həvəsləndirilən və ya istiqamətləndirilən adamöldürmə, siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə, adamların zorakı itirilməsi, fiziki və ya psixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər yetirən digər qeyri-insani əməllər hesab olunur. Göründüyü kimi, bu cinayət əməli keçmiş sovet dövlətinin rəhbər şəxsləri tərəfindən həvəsləndirilməklə, sistemli şəkildə və geniş miqyasda törədilərək, kütləvi xarakter daşıyan qırğınlar və insanların qəsdən məhv edilməsi ilə müşahidə olunub. Qeyd edək ki, insanlıq əleyhinə cinayətlər ona görə təhlükəlidir ki, bu da beynəlxalq cinayətlərin digər növləri kimi dövlət planı və ya siyasəti formasında sistemli və genişmiqyaslı formada baş verir. Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilmiş dəhşətli, kütləvi qırğın artıq bütün dünyaya məlumdur. Bu cinayətin törədilməsində əsas məqsəd istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını yerindəcə boğmaq idi. Milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silah tətbiq edərək yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar hadisələrinə görə beynəlxalq cinayət məsuliyyəti necə reallaşa bilər?

Beynəlxalq cinayətlərə qarşı mübarizə, cinayətkarların məsuliyyətə cəlb olunması, o cümlədən 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş beynəlxalq cinayətlərə görə xüsusilə vacibdir. Bu cinayətlərə birbaşa rəhbərlik etmiş keçmiş SSRİ müdafiə naziri, marşal Dmitri Yazov verdiyi müsahibələrin birində bunu etiraf edib və bu əmrin ona SSRİ rəhbərliyi tərəfindən verildiyini bildirmişdi: “Mən başqasının əmrini yerinə yetirirəm. İndi o əmrləri verən insan hər şeydən imtina edir… mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olurlar. Qoşunları mən yeritdim, lakin bu, mənim “güllələ” əmrini verməyim demək deyil”. Əlbəttə, birincisi Azərbaycanda vətəndaş müharibəsi baş verməmişdi. Bu, SSRİ siyasi və hərbi rəhbərliyinin Azərbaycan əhalisinə qarşı törətdiyi kompleks beynəlxalq cinayətlər idi (silahlı təcavüz və insanlıq əleyhinə cinayətlər) idi. Yazovun iddiası tamamilə absurd idi. Əgər hərbçiyə “hücum” əmri verirsənsə, bu elə “güllələ” əmri deməkdir. Artıq cinayətkar əmr vermiş və icra olunmuşdur. Beynəlxalq cinayət hüququ normalarına görə, cinayətkar əmri planlaşdıran, əmri verən və onu icra edənlərin hər biri məsuliyyət daşıyır, beynəlxalq təcrübədə də bu, öz təsdiqini tapmış və cinayətkarlar mühakimə olunmuşdur. Məgər Yazov bilmirdi ki, cinayətkar əmri yerinə yetirir və özü də cinayətkar əmr verir. Fikrimizcə, bu gün də onların məsuliyyətə cəlb olunması gec deyil. Məlumdur ki, beynəlxalq cinayətlərə görə, iddia müddəti tətbiq olunmur, yəni beynəlxalq cinayət törətmiş şəxslər illər keçsə belə, məsuliyyətdən yayına bilməzlər, onlar aşkar olunduqları hər andan məsuliyyətə cəlb olunmalıdırlar. Bu baxımdan, 20 Yanvar hadisələrinin beynəlxalq cinayət (insanlıq əleyhinə cinayət və silahlı təcavüz) olmasının dünyada təbliğ olunması və cinayətkarların cəzalandırılması hələ də gec deyil. Beynəlxalq hüquqa görə, insanlıq əleyhinə cinayətin tərkibini yaradan əməl əvvəlcədən planlaşdırılmalı və sistemli şəkildə həyata keçirilməlidir. İnsanlıq əleyhinə cinayətlər törədən və törədilməsinə şərait yaradan belə şəxslərin məsuliyyətə cəlb olunması prioritet məsələlərdən biridir. Bu cinayətə görə şübhəli bilinən şəxs hər hansı ölkənin ərazisində olarsa, həmin ölkə tərəfindən qeyd-şərtsiz mühakimə olunmalıdır. Daha doğrusu, insanlıq əleyhinə cinayətlərə görə şübhəli bilinən şəxs hər hansı dövlətin ərazisində aşkar olunarsa, həmin dövlət istintaq aparmalı və əsaslı sübutlar əldə olunduğu təqdirdə o, həbs edilməli, yaxud ekstradisiya olunmalı və ya cəzalandırılmalıdır. Bununla əlaqədar beynəlxalq hüquqda presedent də mövcuddur. İlk dəfə olaraq İsveç məhkəməsi 1993-cü ildə Bosniya və Herseqovinada törədilmiş insanlıq əleyhinə cinayətlərə görə hökm çıxardı. İttiham olunan Ceki Arklov aralarında həm hərbi əsirlərin, həm də dinc sakinlərin olduğu 11 Bosniya müsəlmanına qarşı xorvat qoşunlarında muzdlu qismində xidmət edərək zor tətbiqetmə, etnik təmizləmə, soyğunçuluq, eləcə də beynəlxalq hüquqla qadağan olunan digər cinayətlərə görə təqsirli bilinib.

Beynəlxalq və milli cinayət mühakimə orqanlarının təcrübəsinə əsaslanaraq, qeyd olunmalıdır ki, sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı törədilmiş əməl insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməli və bütün təqsirli şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq müddəaları əsasında məsuliyyətə cəlb olunmalıdır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndində də göstərilir ki, hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir. Eyni zamanda, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur. Bundan başqa ölkəmizdə, “Beynəlxalq cinayətlərə görə ağırlaşdırıcı hallar üzrə cinayət hüquq normalarının geriyə şamil olunması haqqında” 2006-cı il Konstitusiya Qanunu qəbul olunub. Bu Konstitusiya Qanunu da cinayət hüquq normalarının geriyə şamil olunmasına kifayət qədər əsas yaradır. Bütün hallarda 20 Yanvar hadisələrinə görə təqsirli bilinən şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar var (bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsində göstərilir ki, sülh və insanlıq əleyhinə cinayətləri… Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətləri törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır). İnsanlıq əleyhinə cinayətlərin planlaşdırılması və həyata keçirilməsi bütün hallarda beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edir. Baş vermiş cinayət əməli, təbii ki, dövlət siyasəti və ya planı formasında həyata keçirilir, yəni bu əməl birmənalı şəkildə dövlət dəstəyi ilə törədilir, lakin planın dövlətə aid olduğu açıq formada bilinmir, məxfi saxlanılır. Unutmaq olmaz ki, sovet qoşunlarının cinayətkar əməli nəticəsində 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib.

Beləliklə, 20 Yanvar cinayətlərinin törədilmə motivləri və bu əməllərin obyektiv tərəfləri bir dövlətin daxili işi hesab olunmadan, hadisələrin yuxarıda qeyd etdiyimiz faktiki və hüquqi əsaslar üzrə beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasına səbəb olmuş sülh və insanlıq əleyhinə cinayətlər hesab edilməsinə imkan verir. Bu faktlar insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq humanitar hüquq normalarına açıqdan-açığa hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, tipik insanlıq əleyhinə cinayət hesab olunmalıdır. Ona görə də hesab edirik ki, keçmiş sovet rəhbərliyi və hərbi xuntanın bu cinayətlə bağlı olan bütün heyətinin beynəlxalq cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur.

Share