Yaponiyalı qanunvericilər ABŞ ilə yeni ticarət müqaviləsini ratifikasiya ediblər

Yaponiyalı qanunvericilər ABŞ ilə yeni ticarət müqaviləsini ratifikasiya ediblər

9:36 Dekabr 4, 2019

Dekabrın 4-də Yaponiya parlamentinin yuxarı palatasının deputatları ABŞ ilə yeni ticarət müqaviləsini ratifikasiya ediblər. Yuxarı palatanın iclası internet televiziyası vasitəsilə birbaşa yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Tokio və Vaşinqton yeni müqavilənin gələn il yanvarın 1-dən qüvvəyə minməsini planlaşdırır.

Xatırladaq ki, müqaviləyə əsasən, Yaponiya ABŞ-ın kənd təsərrüfatı məhsulları üçün öz bazarını açacaq. Lakin bu zaman Vaşinqtonun iştirakdan imtina etdiyi Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmada nəzərdə tutulan çərçivə aşılmayacaq. Yaponiya mal və donuz ətinə tətbiq etdiyi tarifləri də aşağı salacaq.

Qeyd edək ki, müqavilənin müzakirələri zamanı tərəflər arasında əsas mübahisə doğuran məqam Yaponiya düyüsü ilə əlaqədar idi. Müqaviləyə əsasən, Tokio düyü üçün yüksək tarifləri saxlayacaq və yalnız ABŞ-dan hər il idxal edilən 70 min ton düyü kvotasına gömrük rüsumu tətbiq etməyəcək. Həmin kvota Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmanın ilkin variantında da nəzərə alınmışdı.

Yaponiyadan ABŞ-a ixraca gəlincə isə, mal ətinə tətbiq ediləcək aşağı tariflərin genişləndirilməsi nəzərdə tutulur ki, bu da yapon fermerlərin ixrac imkanlarını artıracaq.

Bununla yanaşı, iki ölkənin hökumətləri arasında Yaponiya üçün xüsusi əhəmiyyətə malik olan avtomobillər və onların ehtiyat hissələrinin ixracı ilə əlaqədar tariflər barədə danışıqlar davam etdirilir.

Rəsmi Tokionun bildirdiyinə görə, hər iki tərəf son nəticə olaraq bu tariflərin ləğv edilməsi barədə razılığa gəliblər, lakin bu barədə danışıqlar müəyyən vaxta qədər davam etdiriləcək.

Yaponiya parlamentinin yuxarı palatası həmin gün ABŞ ilə onlayn ticarəti və digər rəqəmsal şirkətlərlə əməkdaşlığı dəstəkləyən daha bir paktı bəyənib.

Xəbəri paylaş: