Yasamal rayonunda binanın zirzəmisində top mərmisi aşkarlanıb

Yasamal rayonunda binanın zirzəmisində top mərmisi aşkarlanıb

0:26 Dekabr 4, 2019

Dekabrın 3-də saat 14:10-da Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsi ev 323 “E” ünvanında binanın zirzəmisində təmir işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun, Bakı Şəhər Baş Polis İdarəsinin Yasamal Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 122 millimetrlik top mərmisi (OF-56) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 210 kvadratmetr əraziyə yerüstü və yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbəri paylaş: