“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib

“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib

10:04 Dekabr 2, 2019

Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Səsli dərslik” layihəsinin Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə ilkin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri Nofəl Şirinov layihənin mahiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında strateji hədəflər və tədbirlərdən biri xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. “Səsli dərslik” layihəsi də bu ehtiyacdan qaynaqlanaraq hazırlanıb. Layihənin məqsədi VI sinif şagirdləri, eləcə də fiziki imkanları məhdud olan uşaqlar üçün İKT-dən istifadə edərək ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır.

N.Şirinov qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində “Səsli dərslik” layihəsi çərçivəsində bir sıra işlərin görülməsi planlaşdırılır. Təşkilati işlərlə yanaşı, VI siniflərə aid ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Yaradılan resursların hamı tərəfindən əlçatan olması üçün sesliderslik.az saytı yaradılacaq və bütün resurslar həmin saytda yerləşdiriləcək.

Daha sonra layihənin təqdimatı keçirilib. Layihə iyunun 20-dən başlayaraq, noyabrın 20-dək davam edəcək. İcra planında nəzərdə tutulan bütün işlər beş ay müddətində yekunlaşdırılacaq.

Təqdimatdan sonra söz alan məktəbin müəllimləri və qonaqları layihə haqqında müsbət fikirlər səsləndiriblər.

Xəbəri paylaş: