AzTV-də kadr islahatları gedəcəkmi? – Rövşən Məmmədov kanalı necə “həsənovlaşdırdı”?

AzTV-də kadr islahatları gedəcəkmi? – Rövşən Məmmədov kanalı necə “həsənovlaşdırdı”?

22:42 Dekabr 2, 2019

Uzun müddət Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri kimi yüksək vəzifə tutan, ölkənin demək olar ki, bütün Kütləvi İnformasiya Vasitələrini (KİV) öz əlində saxlayan şəxs kimi tanınan, müstəqil fəaliyyət göstərməyə çalışan media qurumlarını ləkələməyə, söyüş ritorikası ilə nüfuzdan salmağa səy göstərən Əli Həsənovun prezidentin sərəncamı ilə vəzifəsindən azad edilməsi son zamanlar həyata keçirilən islahatların tərkib hissəsi kimi yüksək dəyərləndirilməlidir. Əli Həsənovun vəzifədə olduğu müddətdə öz yaxın çevrəsini formalaşdırması, himayəlik etdiyi şəxsləri ölkənin ən nüfuzlu televiziyalarına, internet resurslarına, radio və qəzetlərinə rəhbər vəzifələrə təyin etməsi sirr olmadığı üçün bu islahatların onlardan da yan keçməyəcəyini əminliklə söyləmək olar.

Məsələn, dövlət televiziyası olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sabiq “baş ideoloq”un kifayət qədər “kadrları”nın olduğunu nəzərə alsaq, orada da kadr məsələlərinə yenidən baxılması haqqında müəyyən rəy söyləmək olar.

Hələ Arif Alışanovun dövründə Əli Həsənovun himayəsi ilə sədr müavini vəzifəsinə gətirilən Elsəvər Dünyamalıyevin televiziyada hansı xidmətlərinə görə indiyənə qədər bu postu tutması başadüşülən deyil.

Bu sırada İctimai Televiziyadan Aztv-yə gətirilən və bu gün İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsində çalışan Mehriban Məmmədovanın adını da çəkmək olar. Qeyd edək ki, M.Məmmədova kollektivdə intriqa yaradan, peşəkar jurnalistləri incitməklə onları televiziyadan uzaqlaşdırmağı bacaran, dərin siyasi, analitik təfəkkürü olmayan kadr kimi səciyyələndirilir.

Digər bir kadr – Mətbuat xidmətinin rəhbəri Mübariz Aslanovu isə Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva televiziyaya yerləşdirib. Kanalın bədii rəhbəri Ranar Musayev, proqram direktorunun müavini Süleyman Məmmədov isə daha çox Əli Həsənovun oğlu Şamxal Həsənovun yaxını kimi tanınır. Əlbəttə, sabiq şöbə müdirinin yaxın kadrları olmaq xüsusi günah sayılmır. Söhbət ondan gedir ki, illərlə jurnalistika sahəsində çalışsalar da, Əli Həsənova bu və ya digər şəkildə bağlılığı olmadığına görə işini itirən, hətta buna görə düşmən münasibətin bəslənildiyi bəzi jurnalistlərə qəddarcasına davranış ən azından ədalətsizlikdir. Elə bunun nəticəsidir ki, xeyli təcrübəli televiziya işçisi ya İctimai Televiziyaya üz tutub, ya da indiyə qədər işsizdir.

Artıq Əli Həsənov vəzifəsindən kənarlaşdırıldığına görə, onun kadrlarının aqibəti də hər kəsdə maraq doğurur.

KONKRET.az məhz bu marağı nəzərə alaraq AzTV-nin İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının baş direktoru olan və Rövşən Məmmədovun sağ əli kimi tanınan Sərvər Bayramovla əlaqə saxlayıb, kanaldakı Həsənov kadrlarının aqibətinin necə olacağı ilə maraqlanıb. Sərvər Bayramov suala özünəməxsus tərzdə cavab verərək bildirib ki,  AzTV rəhbərinin adından danışa bilməz: “Bu sualla bağlı AzTV sədri Rövşən Məmmədovla əlaqə saxlaya bilərsiniz. Lakin AzTV dövlət televiziyası olduğu üçün burada çalışan kadrların hər biri sizin kimi jurnalistlər, yaradıcı insanlardır. Yəni burada kiminsə kadrının olması ilə bağlı fikirlər düzgün deyil”.

Kanaldan incik salınaraq işdən kənarlaşdırılan peşəkar jurnalistlərin yenidən AzTV-yə qaytarılıb-qaytarılmayacağı ilə bağlı suala isə Sərvər Bayramov cavab vermək istəməyib.

KONKRET.az

Xəbəri paylaş: