650 min ağacın əkilməsi Abşeron yarımadasında ekologiyanın sağlamlaşması işinə böyük töhfə olacaq

650 min ağacın əkilməsi Abşeron yarımadasında ekologiyanın sağlamlaşması işinə böyük töhfə olacaq

23.10.2019

18:40

Lap qədim zamanlardan körpü salmaq, su çəkmək kimi ağac əkmək də savab və xeyirxah bir iş sayılıb. Həmin savab və xeyirxah işlər kimi ağac əkmək, torpağa fidan basdırmaq hər kəsin ana torpağın sinəsinə qoyduğu imza, yaşıl avtoqrafdır. Bu, təkcə bizi yaşadan əməl deyil, bizi yedirən, içirən, böyüdən müqəddəs torpağın qarşısındakı vətəndaşlıq, övladlıq borcumuzdur. Biz bu dünyaya qədəm qoyandan ağaclar bizim yol yoldaşlarımızdır. Gözümüzü dünyaya açanda taxta beşiklərdə laylamız çalınıb, ağacdan asılmış taxta yüyrüklərdə yellənə-yellənə böyümüşük, yaşadığımız bütün həyat boyu onun yetirib-bitirdiyi nemətlərlə ağzımız dada gəlib, qocalıb heydən düşəndə də ağacdan düzələn əsaya dirsəklənmişik. Bütün bunların qarşısında bir ağac, beş ağac əkmək nədir ki?

Bu barədə Bakı 2 nömrəli Tibb Kollecində Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədri, həkim-pediatr Gülər Quluzadə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkmək təşəbbüsü ilə əlaqədar AZƏRTAC-ın müxbirinə deyib. O, təşəbbüsü ekologiyanın qorunması sahəsində çox böyük addım hesab edərək bildirib: ”Yaşıllıqları artırmağa hər zaman ehtiyac var, çünki zaman keçdikcə ağaclar qocalır, bu və ya digər səbəbdən ömrünü başa vurur, hətta bəzən insanlar tərəfindən qırılıb çatılır. Hələ bunun üstünə nə qədər ağac budağı sındırdığımızı, ocaq qalamaq, kabab bişirmək üçün manqallarda yandırıb külə çevirdiyimiz ağac budağını odun-ocağa çevirdiyimizi üstünə gəlsək, gör bizim təbiətə nə qədər borcumuz var?”.

Ölkəmizdə ilk dəfə olaraq belə böyük miqyasda yaşıllaşdırma tədbirinin həyata keçirilməsini təbiətə, ətraf mühitə və ekologiyaya olan qayğı kimi dəyərləndirən ərazi təşkilatının sədri fikrini belə ifadə edib: “El arasında deyirlər ki, bir il yaşamaq istəyirsənsə, noxud, üç il yamaq istəyirsənsə, yonca, çox yaşamaq istəyirsənsə, ağac ək. Doğrudan da ağac əkməkdə çox böyük bir savab var. Düşünəndə ki, hər əkilən ağacın kölgəsində sabah neçə-neçə yolçu dayanıb nəfəs dərəcək, onun barlı budaqlarından bəhrələnəcək, onun necə xeyirxah bir əməl olduğu ortaya çıxır. Düşünəndə ki, illər keçəndən sonra hər əkilən ağac tikinti materialına, kağız istehsalı üçün xammala çevriləcək, yenə də onun ictimai əhəmiyyəti barədə danışmaq lazım gəlir. Ən nəhayət, düşünəndə ki, əkilən hər ağac özü ilə onun bağbanı, yetişdirəni, boya-başa çatdıranı haqqında gələcək nəsillərə soraq aparır, onda yenə də biz ona sabaha atılan imza, özümüzdən sonrakı yadıgar kimi baxmalıyıq. Hansı yöndən, hansı tərəfdən baxsan, bu işdə çox böyük fayda, savab və xeyirxahlıq var.

Gülər Quluzadə fikrinə yekun vuraraq deyib: “Hesablamalara görə, 280 ağac 800 adamı oksigenlə təmin edir. Təkcə Abşeron yarımadasında, Bakı və ətraf bölgələrdə təqribən 4 milyona yaxın əhali yaşadığını nəzərə alsaq, onda onları oksigenlə təmin etmək üçün ağacların sayı 1 milyon 400 minə çatdırılmalıdır. Bu baxımdan bir gündə Azərbaycanda 650 min ağacın əkilməsi Abşeron yarımadasında ekologiyanın sağlamlaşması işinə böyük töhfə olacaq. Hamımız noyabrın axırında həyata keçiriləcək bu təşəbbüsə qoşulmaq üçün qol çırmayıb işə girişməliyik. Əminəm ki, təşəbbüsün həyata keçirilməsində heç kəs kənarda qalmayacaq və bu böyük yaşıllaşdırma tədbirinə öz töhfəsini verəcək”.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email