ABŞ hakerlərin hücumlarından qorxur

ABŞ hakerlərin hücumlarından qorxur

27.08.2019

18:32

ABŞ rəsmiləri 2020-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində hakerlərin hücumlarından qorxurlar.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ hökuməti təxminən bir aydan sonra məlumat bazalarının və seçici qeydiyyatı sistemlərinin qorunmasına xidmət edəcək vahid proqram yaratmağı planlaşdırır.

Qeyd edək ki, 2016-cı ildə seçicilərin səs hüququnu təsdiqləmək üçün geniş istifadə olunan sistemə rus hakerlər tərəfindən hücum edilib. ABŞ-ın sabiq və indiki rəsmilərinin sözlərinə görə, onlar 2020-ci ildə xarici hakerlərin nəinki məlumat bazalarına hücum edəcəyindən, hətta əldə olunacaq məlumatların dəyişdiriləcəyindən və məhv ediləcəyindən narahatdırlar. “Biz bu sistemləri yüksək risk kimi qiymətləndiririk. Bu sistem seçki sisteminin daim internetə qoşulan texnoloji seqmentlərindən biridir”, – deyə ABŞ-ın yüksək vəzifəli rəsmisi vurğulayıb.

ABŞ-ın Kiber Təhlükəsizlik və İnfrastruktur Müdafiəsi Agentliyi (CISA), eləcə də Milli Təhlükəsizlik Nazirliyinin bölməsi də məlumat bazalarının virusa yoluxmaq təhlükəsindən ciddi çəkinir. Analoji hadisə bu yaxınlarda Texas, Baltimor və Atlanta da daxil olmaqla ölkənin bir neçə kompüter şəbəkə sistemində baş verib. Sistemə hücum zamanı virusa yoluxmuş kompüter sistemi kriptovalyuta şəklində ödəniş alana qədər bloklanır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email