ABŞ-ın səfiri hərbi qulluqçularımızla görüşüb

ABŞ-ın səfiri hərbi qulluqçularımızla görüşüb

10.10.2019

10:22

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction-19” çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Ö.Litzenberqer Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiklərini diqqətə çatdırıb. Diplomat, həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır.

Səfir təlimdə iştirak edən hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Polkovnik Siyavuş Mustafayev “Saber Junction-19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən danışıb. S.Mustafayev belə təlimlərin tərəfdaş ölkələr arasında təcrübə mübadiləsinin aparılması, əməliyyat uyarlılığının təmin edilməsi və döyüş hazırlığının yüksəldilməsində böyük önəm daşıdığını bildirib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email