Adil Əliyev: Türk Şurası ölkələri arasında hər iki istiqamətdə əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır

Adil Əliyev: Türk Şurası ölkələri arasında hər iki istiqamətdə əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Videokonfransa türkdilli dövlət başçıları ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da qatılmışdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans bir neçə səbəbdən vacib idi.

Birincisi, dövlət başçıları dünyanı sözün həqiqi mənasında lərzəyə salan koronavirusla (COVID-19) mübarizə məsələsini müzakirə etdilər. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, fövqəladə Zirvə görüşünün əsas məqsədi dövlətlər səviyyəsində atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, türkdilli ölkələrin bir-birinə dəstək göstərməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Prezidentimiz xüsusi olaraq vurğuladı ki, Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.

İkincisi, türkdilli dövlətlərin fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasının indiki ağır şəraitdə də fəaliyyətini davam etdirməyə qadir olduğunu, müzakirələrə ara vermədiyini nümayiş etdirdi. Türk Şurasının beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə hazır olduğu videokonfrans tribunasından bir daha bəyan olundu. Bu mənada Zirvə toplantısı digər beynəlxalq təşkilatlara və birliklərə örnək sayıla bilər. Koronavirusla bağlı pandemiya özlərini strateji tərəfdaş adlandıran ölkələr arasında müxtəlif fikir ayrılıqları yaradarkən, qarşılıqlı ittihamlara yol açarkən, bəzilərini hətta strateji tərəfdaşlarının tibbi maskalarını hava limanlarından “oğurlamaq” dərəcəsinə çatdırarkən, gələcəkdə vəziyyətdən necə çıxacaqlarını bilməyənlərdən fərqli olaraq Türk Şurasının üzvləri əsl əməkdaşlıq və anlaşma nümunəsi göstərirlər və bu əzmlə davam etmək niyyətində olduqları videokonfransdan bir daha göründü.

Üçüncüsü, videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə iqtisadi mövzuların da müzakirə edilməsi onu göstərdi ki, Türk Şurası hətta bu ağır şəraitdə belə iqtisadi və regional əməkdaşlığın inkişaf yollarını təhlil edərək gələcək addımlarını müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Bu, mühüm göstəricidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz çıxışında Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkünlüyünü vurğuladı. Bildirdi ki, hazırda əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına nail olmaqdır. Şübhə etmirəm ki, türkdilli dövlətlər buna da nail olacaqlar.

Share