ADNSU-da seminar: ali təhsilin rəqəmsal transformasiyası

20.12.2019 Off By admin

Dekabrın 19-da “Microsoft Azərbaycan” şirkətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllim və əməkdaşları üçün “Ali təhsilin rəqəmsal transformasiyası” mövzusunda seminar keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, əməkdaşların qatıldığı seminarda “Microsoft” şirkətinin təhsil həlləri üzrə mütəxəssisi Oliver Zofic sürətlə inkişaf edən dünyada texnologiyanın üstünlüklərindən istifadə edərək yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən danışıb. O, “Microsoft”un Azərbaycan üzrə milli planının əsas tərkib hissəsi olan təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, həmçinin ali təhsil imkanları və onların həlləri haqqında geniş məlumat verib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin rəqəmsal transformasiya təcrübəsi və layihə ilə bağlı fikirlərini bildirib.

Daha sonra şirkətin təhsil proqramı üzrə əlaqələndiricisi Emin Axundov seminarın əsas alətləri haqqında danışıb və bu istiqamətdə ADNSU-nun digər universitetlərlə müqayisədə daha təcrübəli olduğunu qeyd edərək təhsil müəssisəsi ilə mövcud əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib.

Qeyd edək ki, tədbirin məqsədi əmək bazarının tələblərinə uyğun ali təhsildə yanaşmaları və alətləri nümayiş etdirmək və universitetlərə çatdırmaqdır.

Share