Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsində müzakirə

19.02.2020 Выкл. Автор admin

Fevralın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan bölmənin sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev gündəlikdəki məsələləri diqqətə çatdırıb. AMEA-nın ötən il dekabrın 28-də keçirilmiş ümumi yığıncağını xatırladan alim tədbirdə bir sıra islahatların aparılmasına dair mühüm qərarların qəbul olunduğunu bildirib. Qeyd edib ki, qərarlara əsasən AMEA-nın Nizamnaməsində dəyişiklik edilib, Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi seçilib, həmçinin elmi bölmələrin akademik-katibi vəzifələri ləğv edilib və bölmələrə rəhbərlik vitse-prezidentlərə həvalə olunub. O, bölmə bürolarının da ləğv edildiyini və elmi şuraların yaradılmasının qərara alındığını bildirib.

Akademik R.Əliquliyev ümumi yığıncaqda müasir dövrün elmi-texnoloji və innovativ çağırışlarına söykənən, süni intellekt texnologiyalarının geniş tətbiqini, eləcə də fundamental elmi istiqamətlərin balanslaşdırılmasını nəzərdə tutan “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”nın qəbul olunduğunu söyləyib. Alim proqrama əsasən müəssisələr qarşısında elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, o cümlədən yüksəkixtisaslı kadrların hazırlanması və elmi fəaliyyətin qiymətləndirilməsi kimi mühüm vəzifələrin qarşıya qoyulduğunu vurğulayıb.

Qeyd edilib ki, elmi idarəetmə və maliyyələşdirilmənin optimallaşdırılması, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının sürətləndirilməsi, akademiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin inkişafı, azərbaycançılıq ideologiyasına aid məsələlərin dərindən araşdırılması, eyni zamanda, elmi işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması da AMEA-da aparılan islahatların prioritet istiqamətlərini təşkil edir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında çevik, adaptiv struktur mexanizmlərinin işlənilməsi üçün aparılan islahatlarda beynəlxalq təcrübənin əsas götürüldüyünü deyən R.Əliquliyev Rəyasət Heyəti aparatında bir sıra struktur dəyişikliklərinin edildiyini diqqətə çatdırıb. O, akademiyada son zamanlar bir sıra səlahiyyətli dövlət nümayəndələri ilə görüşlərin keçirildiyini söyləyərək, AMEA ilə müvafiq dövlət qurumları arasında yeni istiqamətdə əməkdaşlıq əlaqələrinin təşkili və inkişaf etdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti bölmənin Rəyasət Heyətinin yanvarın 15-də keçirilmiş iclasında təqdim olunmuş hesabatından da bəhs edib. Bildirib ki, iclasda bölməyə daxil olan elmi müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir tədqiqat qurğuları və elmi-texniki avadanlıqların yenilənməsi, əldə olunmuş innovativ potensiallı elmi nəticə və nailiyyətlərin tətbiq edilməsi, elmi məhsulların kommersiyalaşdırılması və digər məsələlərin normativ hüquqi sənədlərin tələbləri çərçivəsində həyata keçirilməsinə dair qərarlar qəbul edilib.