Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

05.08.2019

11:16

Azərbaycan 31-ci Beynəlxalq İnformatika Olimpiadasına (IOI) ev sahibliyi edir. Olimpiadanın iştirakçıları avqustun 4-dən Bakıya gəliblər.

AZƏRTAC xəbər verir ki, avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəsmi açılış mərasimi keçiriləcək. Tədbirə olimpiada iştirakçıları ilə yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar.

1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər kəndi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email