Azərbaycan Fransaya etiraz notası verib

Azərbaycan Fransaya etiraz notası verib

29.10.2019

3:32

Oktyabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun “xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla “birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.

Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.

Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumlarının Azərbaycanın işğal olunmuş ərazilərindəki “hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni “saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etməsi fonunda bu cür “birgə bəyannamə”nin imzalanması həm də Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email