Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib

02.02.2020 Off By admin

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak ediblər.

Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəaliyyətinə dair videoçarx nümayiş olunub. Bakı şəhəri 20 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, 25 yaşlı Xəyalə Hüseynli çıxış edərək müəllim peşəsinin dəyərlərindən söz açıb.

Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müəllim əməyinin stimullaşdırılması və məktəb tikintisi istiqamətində mühüm təşəbbüslər həyata keçirildiyini vurğulayıb. O, müəllim olmaq istəyənlərin sayının ilbəil artdığını xüsusi qeyd edib. Cəmiyyətdə müəllimin əvəzsiz rolundan danışan nazirin sözlərinə görə, gənc müəllimlər təşəbbüskar olmalı, öz üzərində işləməli, peşəkarlıqlarını artırmalıdırlar.

Nazir Ceyhun Bayramov Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışını xüsusi xatırladaraq qeyd edib ki, ölkə başçısının tövsiyələrinə uyğun olaraq ümumi təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması müəllimlərin qarşısında duran ən əsas iş prinsipidir. Müəllimlər hər zaman şəxsi nümunələri ilə fərqlənməlidirlər.

Assosiasiyanın fəaliyyətini qiymətləndirən Təhsil naziri bu qurumun gənc müəllimlərin peşəkarlıq potensialının artırılması istiqamətində müəllimlərə dəstək olacağına ümidvar olduğunu deyib.

Nazir çıxışının sonunda gənc müəllimlərin hər birini 2 fevral –Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer tədbirin əhəmiyyətini vurğulayıb, gənclərin birgə fəaliyyətinin təşkilini qiymətləndirib.

Tədbirdə AGMA loqosunun təqdimatı olub və qalib müəllif, Assosiasiyanın üzvü Aygün Abdulova mükafatlandırılıb. Mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Tədbir bədii hissə ilə davam etdirilib. Sonra panel müzakirələr keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır