Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il keçir…

Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il keçir…

24.08.2019

11:41

Avqustun 23-də Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində anım tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, maarifləndirici və vətənpərvərlik ruhlu tədbirlərdə hər iki rayonumuzun tarixi, maddi-mənəvi irsi, Qarabağ uğrunda gedən döyüşlər, hazırda işğal altında qalan mədəniyyət obyektləri və s. mövzular ətrafında müzakirələr aparılıb, iştirakçılara ətraflı informasiya verilib.

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyində Cəbrayıl uğrunda döyüşlərdə şəhid olmuş Nurəddin Fətullayevin xatirəsi anılıb. Şəhidin ailə üzvləri və döyüş yoldaşları, mədəniyyət işçiləri, rayonun tanınmış ziyalıları və məktəblilərin iştirak etdiyi tədbirin ədəbi-bədii hissəsində məktəblilər qəhrəmanlıq şeirləri səsləndirib və qonaqlara kiçik tamaşa təqdim ediblər.

Salyan, Cəbrayıl və Biləsuvarın mərkəzi kitabxanalarında kitab sərgiləri və dəyirmi masalar təşkil edilib. Mövzunu əks etdirən ədəbiyyatın təqdimatı və müzakirəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Biləsuvar və Cəbrayılın mədəniyyət işçiləri rayon ərazisindəki şəhidlərin qəbirlərini ziyarət ediblər.

Heydər Əliyev mərkəzlərində Qarabağın tarixi və mədəniyyətinə həsr olunmuş sənədli filmlər nümayiş edilib. Neftçala və Biləsuvarın rəsm qalereyalarında açıq havada gənc rəssamların əl işləri təqdim olunub.

Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən gələn həftə Qubadlı rayonunun işğalının ildönümü ilə bağlı analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email