Azərbaycanın peyk operatorunun gəlirləri 33% artıb

Azərbaycanın peyk operatorunun gəlirləri 33% artıb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Azərkosmos” ASC yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 mln. manat həcmində gəlir əldə edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.

Gəlirin 88%-i peyk xidmətlərinin ixracından əldə olunub. “Azərkosmos” dünyanın 24 ölkəsinə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və BƏƏ böyük üstünlük təşkil edir.

Ümumilikdə, bu ilin birinci rübü ərzində Koronavirus pandemiyası qlobal səviyyədə əksər sahələrə olduğu kimi peyk xidmətləri bazarına da mənfi təsirini göstərir. Buna baxmayaraq “Azərkosmos” peyk xidmətləri üzrə Fransanın “GORSE & Co”, “Zeppit”, İtaliyanın “M-Three Sat”, Avstriyanın “Zebrafish”,  İspaniyanın “Oasis Networks”, ABŞ-ın “UltiSat”, Hindistanın “Sofstol, “Mediatech PVT”, Rusiyanın “Rusiya Peyk Rabitəsi”, “VES-Media”, Afrikanın “Sairtek”, “GlobeCast” və “Telly4Africa” şirkətləri ilə yeni müqavilələr rəsmiləşdirib. Yeni müqavilələrə əsasən adı çəkilən şirkətlər “Azerspace-1” və “Azerspace-2” peyklərinin tutumlarından istifadə etməklə telekommunikasiya xidmətləri təqdim edirlər.

Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və ekoloji monitorinqdə istifadə ediblər.

Bununla yanaşı may ayından etibarən “Azərkosmos” Universal Yerüstü Stansiya sayəsində Yaponiyanın “İnfostellar” şirkəti ilə imzaladığı müqavilə əsasında  müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq.

Share