Azərbaycanlı jurnalist Fransa mediasında Qarabağ atlarından yazıb

Azərbaycanlı jurnalist Fransa mediasında Qarabağ atlarından yazıb

08.07.2021 Off By admin

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmans en France” www.musulmansenfrance.fr  xəbər portalında “Qarabağ atı – bəşəriyyətin dünya irsinə aid bir cins” (Le cheval Karabakh, race appartenant au patrimoine mondial de l’humanité) sərlövhəli məqaləsi yayımlanıb.

Məqalədə müəllif Böyük Britaniyanın paytaxtı Londonda Qarabağ atlarının da iştirak etdiyi ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda Kraliça II Elizabetin və kral ailəsinin digər üzvlərinin tamaşa etdikləri tədbirlərdə Azərbaycanın təqdim etdiyi “Xarıbülbül” adlı xüsusi şou-kompozisiya təqdimatının nümayiş etdirildiyini diqqətə çatdırıb. Jurnalist həmin təqdimatda Qarabağ atlarının füsunkar gözəlliyi, Azərbaycanın milli musiqisi və rəqslərinin britaniyalıları heyran etdiyini vurğulayıb.

Qeyd olunub ki, ilk dəfə “Xarıbülbül” kompozisiyası bu il iyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyanın təqdimatı zamanı nümayiş etdirilib. Müəllif “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülünün birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirdiyini xatırladıb. Həmin vaxt Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atının hədiyyə edildiyi də məqalədə əksini tapıb.

Müəllif Azərbaycanda at hədiyyə verilməsi ənənəsindən söz açaraq, atın etibarlı yoldaş olması baxımından bunun xüsusi məna daşıdığını bildirb.

Zeynab Kazımova sovet hökuməti tərəfindən 1956-cı ildə İngiltərə Kraliçası II Elizabetə “Zaman” ləqəbli Qarabağ atının hədiyyə göndərilməsinin Azərbaycanda cins atların yetişdirilməsi tarixində mühüm hadisələrdən biri hesab olunduğunu vurğulayıb.

Məqalədə bildirilib ki, Qarabağ atları bir çox beynəlxalq sərgidə uğur qazanıb. Məsələn, “Xan” ləqəbli Qarabağ atı 1867-ci ildə Fransada keçirilmiş bir sərgidə mükafatlandırılıb, “Elyetmez” ləqəbli at 1869-cu ildə keçirilən Ümumrusiya At Sərgisində sertifikat alıb.

Azərbaycanda atçılığın tarixinə diqqət çəkən müəllif bu sənətin ölkəmizdə qədim dövrlərdən bəri meydana çıxdığını bildirib. Məqalədə vurğulanıb ki, atçılıq qədim Azərbaycan dövlətləri olan Manna, Midiya, Atropatena və Albaniyada geniş yayılmışdı. “Bir sıra yerli at cinsləri, Azərbaycan atlarının təbii və tarixi şərait nəticəsində təkamülü nəticəsində, eləcə də gündəlik həyatın ehtiyacları sayəsində yüz illər boyu meydana çıxıb. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində inkişaf edən məşhur Qarabağ atıdır”, – deyə məqalədə qeyd olunub.

Müəllif Qarabağ atlarının cins olaraq xüsusiyyətlərindən söz açaraq, bu cinsin yaxşılaşdırılmasında Qarabağ xanlarının fabriklərinin əvəzolunmaz roluna toxunub. Damazlıqların yetişdirilməsi işinin Pənahəli xan, İbrahim xan, Mehdiqulu xan, Cəfərqulu xan, Xurşudbanu Natəvan və digər sülalələrin fabriklərində və tövlələrində aparıldığını qeyd edir.

Müəllif bildirib ki, XX əsrdə Qarabağ atları tarixində ən əlamətdar hadisə Ağdam Atçılıq Mərkəzinin yaradılması idi. “Bu Mərkəzin yaradılması Qarabağ at cinsinin yaxşılaşdırılmasında çox böyük rol oynayıb. Ancaq 1993-cü ildə Ağdam Ermənistan tərəfindən işğal edildi və şəhər tamamilə dağıdıldı…”, – deyə müəllif fransızdilli oxucuların diqqətini bir daha Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi misilsiz dağıntılara və vurduğu zərərə diqqət çəkir.

Yazıda vurğulanıb ki, XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən sonra Ağdam Atçılıq Mərkəzi 1994-cü ildə Ağcabədi bölgəsinin Xamtorpağ adlanan ərazisinə köçürülüb. Torpaq, su və bitki örtüyü Qarabağ atlarının doğulduğu Ağdamdakından fərqli olsa da, onlar ötən dövrdə yeni şəraitə uyğunlaşdılar.

Azərbaycan dövlətinin Qarabağ atlarının şöhrətini bərpa etmək və ölkədə atçılığın inkişafını təmin etmək üçün ciddi addımlar atdığını vurğulayan müəllif 2007-ci ildə “Atların yetişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu qanunun tətbiqi üçün müvafiq fərmanlar imzalanıb, eyni zamanda, At Yetişdirmə İnkişaf Proqramı təsdiq edilib.

Zeynab Kazımova qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsindən sonra bu gün Qarabağ atı Qarabağdakı evinə qayıdır. Qarabağ atı öz şöhrətini qaytarır.

Müəllif onu da əlavə edib ki, Qarabağ atı UNESCO tərəfindən ilk dəfə Ümumdünya İrsinə aid at cinsi kimi tanınır.

Jurnalist, həmçinin məqalədə Azərbaycanın qədim atüstü oyunu olan çovqan oyununa da diqqət çəkir. Məqalədə bu barədə deyilir: “2013-cü ildə UNESCO Bəşəriyyətin Qeyri-Maddi İrsinin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci iclasını keçirdi. Bu münasibətlə Azərbaycan, onun Qarabağ bölgəsi, eyniadlı bölgədən çıxan Qarabağ atlarının belində oynanan ənənəvi atçılıq oyunu olan çovqanın uyğunluğunu təsdiqlədi. Polonun atalarından sayılan bu oyun topa vuran süvariləri bir araya gətirir. Çovqanın təcili qorunmaya ehtiyacı olduğu qəbul edildi. Buna görə UNESCO bəşəriyyətin dünya irsinə aid olan bu cinsi qorudu”.

Müəllif xüsusi vurğulanıb ki, bir heyvan növünün UNESCO tərəfindən bəşəriyyətin dünya irsi siyahısına daxil edilməsi ilk hadisədir.

Məqalənin fransız dilində tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://musulmansenfrance.fr/le-cheval-karabakh-une-race-appartenant-au-patrimoine-mondial-de-lhumanite/

Share