Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb

22.02.2020 Off By admin

İndicə Almaniya paytaxtının ən mərkəzi nöqtəsində – Brandenburq qapıları qarşısındakı meydanda Avropa azərbaycanlılarının kütləvi mitinqi başlayıb. Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş mitinq “Ümumavropa Qarabağ mitinqi” adı ilə keçirilir.

Mitinq dünyanın 30 ölkəsinin diaspor təşkilatlarının təşəbbüsü ilə keçirilir, onun təşkilatçılığını isə Almaniya Azərbaycanlıları Alyansı öz üzərinə götürüb. Mitinqdə AFR, Niderland, Belçika, Lüksemburq, Macarıstan, Polşa, Çexiya, Slovakiya, İspaniya, İtaliya, İsveç, Norveç, Finlandiya, Latviya, Litva, Estoniya, Avstriya, İsveçrə, Fransa, Rumıniya, Bolqarıstan, Yunanıstan, Xorvatiya, Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan və Türkiyədə yaşayan həmvətənlərimiz iştirak edirlər. ABŞ və Kanadada yaşayan həmvətənlərimiz də bu möhtəşəm mitinqdə iştirak etmək üçün transatlantik uçuş ediblər. Başqa xalqların dost diaspor təşkilatlarının nümayəndələri, xüsusilə də türkdilli qardaşlarımız, habelə Ukrayna və Gürcüstandan olan dostlarımız da azərbaycanlılarla həmrəy olduqlarını bildirməyə gəliblər.

Bu dəqiqələrdə Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində “Qarabağ Azərbaycanındır!”, “Terrora və işğala yox deyirik!”, “Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, “Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, “İşğala dayan deyirik!”, “Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlar tutublar.

AZƏRTAC-ın xüsusi müxbiri mitinqdə çıxış edəcək bir neçə iştirakçı ilə söhbət edib. Söhbət zamanı onlar bildiriblər ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyini, Xocalıda soyqırımı törətmiş cinayətkarların cəzasız qaldıqlarını, Ermənistan rəhbərliyinin dinc danışıqları pozmağa və çıxılmaz vəziyyətə salmağa çalışdığını Berlin sakinlərinin və Almaniya paytaxtının qonaqlarının diqqətinə çatdırmağa hazırlaşır.

Bu dəqiqələrdə meydanda Azərbaycan Respublikasının himni səslənir.

Mitinq başladı!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Share