Beynəlxalq hesabatlarda irəliləyiş əlavə imkanlar yaradır

Beynəlxalq hesabatlarda irəliləyiş əlavə imkanlar yaradır

20.10.2019

15:31

Pərviz Heydərov yazır…

Dünyanın tanınmış iqtisadi reytinq və hesabat qurumlarının xüsusən inkişaf etməkdə olan ölkələr haqqında söylədikləri rəylər və həmçinin, hazırladıqları hesabatlar böyük əhəmiyyət kəsb edir və buna, ciddi yanaşma mövcuddur.

Odur ki, məsələn, istər “Fitch Ratings” və “Moody’s” reytinq agentliklərinin, istər Dünya İqtisadi Forumunun (DIF), istərsə də “Doing Business” kimi qurumların diqqət yetirdikləri və nəzərdən keçirdikləri göstəricilərdə ölkəmizin ardıcıl irəliləməsi üçün biznes mühitin durmadan yaxşılaşdırılması, mövcud qanunların təkmilləşdirilməsi, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli istiqamətində fasiləsiz olaraq islahatların aparılması Azərbaycan hökumətinin artıq, çoxdan müvafiq kursuna çevrilib.

Ən əsası da ona görə ki, xarici investorların, ümumiyyətlə, inkişaf etmiş iqtisadiyyata sahib ölkələrin inkişaf etməkdə olan ölkələrə sərmayə qoyması məsələsi bilavasitə məhz nüfuzlu təşkilatların hazırladığı hesabatlardan da asılıdır.

Belə ki, bu və ya digər ölkə barədə verilən rəylərin müsbət olması ilk növbədə o anlama gəlir ki, ölkədə investisiya mühiti əlverişlidir, böyük risklər yoxdur, dövlət təminatı yüksək səviyyədədir.

Bu isə o deməkdir ki, inkişaf etmiş ölkələrin sərmayədarlarında müsbət rəy verilən ölkəyə investisiya qoymaqda müvafiq maraq formalaşır ki, onlarda kəskin risklərlə qarşılaşmayacaqlarına xüsusi əminlik yaranır. Ona görə də nüfuzlu qurumların Azərbaycan haqqında verdikləri müsbət rəylər və hesabatlarda ölkəmizin reytinqinin yüksəlməsi bizim üçün daha çox əhəmiyyət daşıyır desəm, heç də yanılmaram.

Təsadüfi deyil ki, dövlət başçımız da hökumətin üzvləri ilə keçirdiyi, demək olar, bütün iclaslarda hər dəfə yuxarıda adlarını çəkdiyim qurumların açıqladığı rəylər və hesabatlara toxunur və istər-istəməz bu barədə də danışmalı olur. Cari ayın, yəni oktyabrın 15-də keçirilən məlum iqtisadi müşavirədə də dövlət başçısı qeyd etdi ki, “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik.

“Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır”, – deyə ölkə Prezidenti nəzərə çatdırdı.

Yeri gəlmişkən, Prezident İlham Əliyev hər il yanvarda Davos toplantısına qatılır. Həmin toplantılarda dövlət başçısı iri şirkətlərin, investisiya qurumlarının rəhbər şəxsləri ilə görüşür. Və bu görüşlərdə iri şirkətləri təşviq etmək üçün ciddi sənədlərdən biri kimi məhz DİF-in və “Doing Business” hesabatları təqdim olunur.

Belə ki, dövlət başçımız bilavasitə bunlara əsaslanaraq investorları Azərbaycana sərmayə qoymağın əlverişliliyinə inandırır ki, hər il Azərbaycanla bağlı müsbət rəylərin verilməsinin də bu mənada ölkəmiz üçün necə yeni-yeni şanslar və əlavə imkanlar açdığı daha aşkar görünür.

Sözüm bunda deyil. Azərbaycan “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil olub. Yeni hesabatda dörd istiqamət üzrə indikatorlar yaxşılaşıb ki, bunlar qeydiyyat və nizam-intizamla bağlıdır.

Xarici investor üçün bu amillər çox önəmli xarakter daşıyır. Dolayısı ilə Azərbaycan dövləti xarici investorun sərmayəsini qoruyacağına təminat verir. Ümumiyyətlə, son hesabatda ölkəmizin mövqeyi beş pillə irəliləyib ki, keçən ilki hesabatda isə 32 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci ildən 25-ci yerə yüksəlmişdik. 2017-ci ildəki hesabatda isə 8 pillə irəliləmişdik. Bu fakt özü də onu göstərir ki, son illərdə Azərbaycan iqtisadiyyatında, aparılan islahatlarda dayanıqlı inkişaf əldə olunub.

Azərbaycan, həmçinin, Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində də irəliləyib. Belə ki, ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.

Bundan əvvəl, DİF-in “Qlobal Rəqabətlilik Hesabatı-2018/2019” üzrə də, ölkəmizin mövqeyi yaxşı qiymətləndirilmişdi. Bu barədə yazdığım şərhdə qeyd etmişdim ki, DİF-in növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq təqdim ediləcəyi bildiriləndə çoxları Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərə biləcəyinin çətin olacağını bəyan etmişdilər.

Amma qeyd etdiyim kimi, Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində bu dəfə də 11 pillə irəliləyib və “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslər ötən ilə nisbətən, buna əsas səbəb təşkil edib.

Sözün qısası, bütün bunlar ölkədə investisiya artımının yaxın illərdə daha da yüksək təşkil edəcəyinə zəmanət verir. Demək istədiyim də, məhz budur. Ölkədə 2003-cü ildən bəri ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5%-ə, işsizlik 4.9%-ə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb.

2019-cu ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda 58 464,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% çox ÜDM istehsal edilib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5%, neft-qaz sektorunda isə 1,1% artıb. Belə ki, tikinti sektoru istisna olmaq şərtilə, iqtisadiyyatın bütün sahələrində istehsalda artım müşahidə olunur.

Bəzən belə düşünülür ki, neftin dünya bazar qiymətləri yaxşı həddə olanda, Azərbaycanın ixrac etdiyi əsas məhsul növü olan xam neftdən qazancı və dövlət gəlirləri buna müvafiq olaraq yüksək olanda “Fitch Ratings” və “Moody’s” reytinq agentlikləri də, DİF, “Doing Business” və digərləri də rəylərini və hesabatlarını həmişə yaxşılaşdırırlar.

Amma belə deyil.

2017-ci il ölkəmizdə iqtisadiyyatda sabitlik ili idi. O mənada ki, bundan əvvəlki iki il ərzində neftin dünya bazar qiymətləri ilə əlaqədar iqtisadi cəhətdən tənəzzül yaranmışdı. Və ölkə iqtisadiyyatı birdən-birə xeyli geriləmişdi. Az qala hətta makroiqtisadi sabitlik belə, əldə getmək təhlükəsi ilə üzləşmişdi. Demək istədiyim budur ki, sabitlik yaranan ildə də “Doing Business” hesabatı üzrə səkkiz pillə irəliləmişdi ki, bu özü mühüm hadisə idi.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email