Biləsuvarda sahələrdən indiyədək 29 min tondan çox pambıq yığılıb

03.12.2019 Off By admin

Biləsuvarda pambıq yığımı yekunlaşmaq üzrədir. Ötən il sahələrdən 22 min 700 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları indiyədək sahələrdən 29 min 847 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Yığılan məhsulun 25 min 479 tonu maşınların köməyi ilə toplanıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il biləsuvarlı pambıqçılar 10 min 257 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən cari ildə də sahələrdə pambıq bol olub. Məhsulu qısa müddətdə toplamaq üçün işə 2218 nəfər işçi qüvvəsi və 29 ən müasir pambıq yığan kombayın cəlb olunub. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən indiyə kimi 29,8 min ton məhsul yığılıb ki, bu da ötən il rayonda istehsal olunan məhsuldan 6 min 600 ton çoxdur. Hər hektarın məhsuldarlığı 29 sentnerə çatıb.

Qabaqcıl pambıqçı Fazil Musayev uzun illərdir pambıq əkini ilə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 45 hektar sahənin hər hektarından 52 sentner məhsul götürüb.

“Bu ilə 60 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımı texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtı-vaxtında təmin olunmuşam. Becərmə vaxtında bütün aqrotexniki tədbirləri nümunəvi həyata keçirdiyimdən bu il də məhsulum çox olub. Bu günə kimi sahədən 303 ton pambıq yığmışam. Bundan sonra daha 10 ton məhsul toplayacağıma əminəm. Ötən il dövlətimiz tərəfindən pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini daha da artırmaq fikrindəyəm”,– deyə o bildirib.

Share