Birləşmiş Ərəb Əmirliklərində vizaların verilməsi dayandırılır

18.03.2020 Выкл. Автор admin

Martın 19-dan etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) diplomatlar istisna olmaqla ölkəyə gələnlər üçün bütün vizaların verilməsi dayandırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BƏƏ-nin Daxili İşlər Nazirliyi yayıb. Hökumətin qərarında, həmçinin həmin tarixdən bu ölkənin vətəndaşlarına xarici ölkələrə səfər etmək qadağan edilir. Qeyd olunur ki, bu radikal addımların səbəbi koronavirus pandemiyasının qarşısını almaqdır.

BƏƏ-də indiyədək koronavirusa 86 yoluxma faktı qeydə alınıb. Əmirliklərdə bir çox dövlət və özəl müəssisələr bağlanılıb. Bar və restoranlar, gəzinti parkları, əyləncə məkanları fəaliyyətini dayandırıb, otellərdə toy şənlikləri keçirilmir. Dubayın məşhur ticarət mərkəzləri də boşalıb, mədəniyyət və idman obyektləri işləmir. Bütün bu tədbirlərə baxmayaraq, son bir gün ərzində ölkədə daha 9 nəfər koronavirusa yoluxub.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Share