Budapeştdə 1919-cu ilin “qırmızı terror” qurbanlarının abidəsi açılıb

Budapeştdə 1919-cu ilin “qırmızı terror” qurbanlarının abidəsi açılıb

01.11.2019

18:10

Budapeştdə 1919-cu ilin “qırmızı terror” şəhidlərinə həsr olunmuş abidənin təntənəli açılışı olub.

Baş Nazir Viktor Orban və parlamentin sədri Laslo Kever açılış mərasimində iştirak ediblər. Yeni abidə Macarıstan parlamentinin yanında yerləşir.

Laslo Kever çıxışında 101 il əvvəlki hadisələrə, o cümlədən o vaxtkı baş nazir İştvan Tisanın qətlə yetirilməsinə toxunaraq deyib: “Bu gün biz siyasi terror qurbanlarının xatirəsini anırıq. 1919-cu ilin kommunist çevrilişi nəticəsində bütün ölkəni girov götürmüş təqribən 1000 adam öz xalqına, əcdadlarının dininə nifrət ruhunda, beynəlmiləlçiliyin ifrat formasında, saxta şüarlarla hərəkət edirdi”.

1919-cu ildə qurulmuş Macarıstan Sovet Respublikası cəmi 133 gün ömür sürsə də, 500 insanın həyatına son qoyub. Bu gün açılan memorial 1956-cı il inqilabı dövründə Macarıstanın baş naziri olmuş İmre Nadın abidəsinin yerində qoyulub. İmre Nadın abidəsi isə bu ilin əvvəlində yaxınlıqdakı Yasay Mari meydanına köçürülüb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email