Dadaşovun son döyüşündə rəqibi ölümündən danışdı

Dadaşovun son döyüşündə rəqibi ölümündən danışdı

26.07.2019

10:50

Puerto-rikolu boksçu Subriel Matias bildirib ki, rusiyalı Maksim Dadaşovun ölümündən sonra özünü ruhdan düşmüş hesab edir. Amerikanın NBC telekanalı idmançıdan sitat gətirir.

AZƏRTAC-a istinadən bildirir ki, iyulun 20-də ABŞ-da Matiasla döyüş zamanı aldığı zədələr 28 yaşlı rusiyalı boksçunun ölüm səbəbi kimi göstərilir.

“Mən Maksimin ölüm xəbərini eşitdiyimə görə mənəvi boşluq hiss edirəm. Öz arzularını və məqsədlərini təqib edən heç kəs ölümə hazır deyil. Biz ailələrimizin rifahını düşünərək sadəcə rinqə çıxırıq. Bunun nə ilə başa çatacağını bilmirik. Ruhun şad olsun, ey böyük döyüşçü, hadisələrin həqiqi səbəbini yalnız Allah bilir. Maksim Dadaşov, mən həmişə sənə hörmət bəsləyəcəyəm”, – deyə Matias bildirib.

Şənbəyə keçən gecə Dadaşov ABŞ-ın Merilend ştatında, Okson-Hilldə Matiasla birinci yarım-orta çəkidə (63,5 kiloqramadək) Beynəlxalq Boks Federasiyasının (IBF) versiyası üzrə dünya çempionu titulunun mütləq iddiaçısı adı uğrunda mübarizə aparıb. 11-ci raundda Dadaşov rəqibdən aldığı çoxlu zərbələrdən sonra rusiyalı idmançının komandası boksçunun səhhətini qorumaq məqsədilə döyüşü dayandırmağa qərar verib. Oyundan sonra Dadaşovun halı pisləşib, ürəyi bulanıb. Daha sonra huşunu itirən boksçunu kritik vəziyyətdə xəstəxanaya çatdırıblar. Orada rusiyalıya beynin ağır formada şişməsi diaqnozu qoyulub. İdmançı üzərində kəllənin trepanasiyası (sümüyü deşmə) əməliyyatı aparılıb.

Peşəkar rinqə 14 dəfə çıxan Dadaşov 13 oyunda qələbə qazanıb (11-i nokautla) və bir dəfə məğlub olub. Həvəskar karyerasında o, Rusiya çempionatlarının gümüş (2013-cü il) və ikiqat bürünc (2010-cu il, 2012-ci il) mükafatçısı olub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email