Daha bir Çempionlar Liqası gecəsi və futbol tamaşası

Daha bir Çempionlar Liqası gecəsi və futbol tamaşası

03.10.2019

15:59

Gecənin oyunları:

QRUP E

Keçən tur öz evində son çempionu 2 qolla məğlub edən “Papa” Karlonun yetirmələrindən, Avstriyada öz qapısından 6 top buraxan “Genk”i rahatlıqla məğlub etmələri gözlənilsə də bu baş vermədi və oyun qolsuz bərabərliklə başa çatdı.

“Genk” – “Napoli” 0-0

“Salzburq” hər nə qədər “Genk”in qapısından 6 top keçirsə də “Liverpul”un qarşısında nəsə eləyəcəyinə ümid yox idi. Oyun gözlənildiyi kimi başladı və ingilislər ilk hissədəcə meydanda kimin olduğunu xatırladırdılar. Ancaq, görünən odur ki, 36 dəqiqəyə qapısında 3 qol görmək “buğalar”ı özündən çıxarmışdı. Hesabı bərabərləşdirməyə müvəffəq olsalar da sonda Məhəmməd Salah “Liverpul”un 4-cü qolunu vuraraq həm azərkeşləri həm də “buğa”nı sakitləşdirdi.

“Liverpul” – “Salzburq” 4-3

QRUP F

İlk turda “İnter”lə İtaliyada heç-heçə oynayan “Slaviya Praqa”ya Çexiyada heç bir şans verməyən “Borussiya Dortmund” cavabsız 2 topla adını qaliblərin siyahısına yazdırdı.

“Slaviya Praqa” – “Borussiya Dortmund” 0-2

İtaliyada “Qrossmeyster” ləqəbilə tanınan Antonio Konte “İnter”ə gəldikdən sonra Seria A – da oynadığı 6 oyunun 6-sında da qalib gələrək bu ada layiq olduğunu göstərib. İtaliyan müdafiəsi ilə bir çox uğura imza atan futbol adamından “Nou Kamp”da da uğur qazanacağı gözlənilirdi. Əslində oyun başlayan kimi hesabda önə keçməsi Kontenin taktikasının işləməsi üçün münbit şərait yaratmışdı. Ancaq, sən saydığını say, gör Suarez nə sayır. Uruqvaylı mərkəz hücumçusu 56-cı dəqiqədə hesabı bərabərləşdirdikdən sonra, 85-ci dəqiqədəki qələbə qolunun da altına imzasını atıb “İnter”in Barselonada zəfər xəyalının üstündən xətt çəkdi.

“Barselona” – “İnter” 2-1

QRUP G

“Leyipsiq” “Lion”la oynadığı oyunla qələbə qazanan almanların sırasına qoşula bilmədi.

“Leyipsiq” – “Lion” 0-2

Qrupun digər oyunu Qazprom Arenada keçirilirdi. “Zenit” “Benfika”yla qarşılaşmada rusların 1/8 final mərhələsində oynamaq üçün kifayət qədər şansı olduğunu göstərdi. Bu qələbəylə “Zenit” qrupda liderliyə yüksəldi. “Lion”la xallar bərabər olsa da vurulan qolların sayına görə Sankt-Peterburq komandası ilk pillədədir.

“Zenit” – “Benfika” 3-1

QRUP H

Keçən il Avropanın ən yaxşı 4 komandası arasına adını yazdıran “Ayaks” bu ildə H qrupunda vahid liderdir. Dünən İspaniyada “Valensiya”ya vurduqları cavabsız 3 qolla, bu liderliyi möhkəmləndirdilər. Hollandlar 2 oyunun 2-sində də qələbə qazanıblar.

“Valensiya” – “Ayaks” 0-3

Dünən sonuncu final fitinin çalındığı oyun isə Fransada “Lill” və “Çelsi” komandaları arasında baş tutdu. Liqa 1-də 8 oyundan sonra 4-cü pillədə qərarlaşan “Lill” Frenk Lempardın gəlişindən sonra, 1 illik transfer qadağısının da yaratdığı təsirlə əksəriyyəti “Çelsi” yetirmələri olan gəclərdən ibarət London “zadəganlar”ını qəbul edirdi. Hesabı 1-1 davam etdiyi vaxtda oyunun 67-ci dəqiqəsində Hudson-Odoini meydana buraxan Lempard tezliklə bunun bəhrəsini gördü. Belə ki, 78-ci dəqiqədə Villianın mükəmməl qolunun ötürməsini Hudson-Odoi verdi.

“Lill” – “Çelsi” 1-2

Tural Rzazadə

 

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email