“Futbolçular bu gün hər şeyi düzgün etdilər” – Roberto Bordin

“Futbolçular bu gün hər şeyi düzgün etdilər” – Roberto Bordin

26.07.2019

11:08

“Neftçi”nin baş məşqçisi Roberto Bordin səfərdə Rusiyanın “Arsenal” klubuna qalib gəldikləri Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İtaliyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

– Nəticədən və oyundan razıyıq. Dünən də demişdik ki, matç çətin olacaq və belə də oldu. Futbolçuların oyuna yanaşmasından razı qaldım. Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq etdilər və rəqibi orta xəttə öz oyununu sərgiləməyə imkan vermədilər. Sonradan meydana çıxan futbolçulardan da razıyam. Onlar tempi saxladılar. Komandamı təbrik edirəm.

– “Neftçi”nin sizin dönəminizdə taktiki cəhətdən ən mükəmməl oyununu oynadığını söyləmək olar?

– Taktika rəqibdən asılı olaraq dəyişir. Bu gün çalışdıq ki, “Arsenal” “1 nömrə” kimi oynaya bilməsin. Ən çox da hücumçular səy göstərdi. Rauf Əliyev rəqibin iki mərkəz müdafiəçisinin arasında çox düzgün oynadı. Cinah hücumçuları da yaxşı oyun nümayiş etdirdilər.

– Komandanızın vəzifənin öhdəsindən neçə faiz gəldiyini düşünürsünüz?

– Məşqçilər korpusu ilə işləyirik. Biz oyunçulara müəyyən məlumat və tapşırıqlar veririk. Bu gün hər şeyi düzgün etdilər. İndi yalnız sevinə bilərik. Ancaq sevincimiz bu günlük olmalıdı. Cavab matçına hazırlaşmalıyıq. Faiz deyə bilmərəm. Faiz söyləməyim çox böyük səhv olardı.

– Dario Frederikonun zədəsi ciddidi, yoxsa cavab oyununda komandaya kömək edə biləcək?

– Hər iki ayağında qıcolma vardı. Başqa futbolçularımızda da mikrozədələr var. Bu gün çox yoruldular. İndi onların durumu barədə dəqiq bir söz deyə bilmirəm. Zədələri öncədən təxmin etmək olmur.  Bəli, uçuşumuz yubandığı üçün məşq prosesi dəyişdi. Ancaq yol yorğunluğunun zədəyə aiddiyatı yoxdu.

– Növbəti mərhələyə çıxmaq sözü verə bilərsiz?

– Bayaq da dedim, indi nəsə demək, söz vermək böyük səhv olar. Bakıdan gələn azarkeşlərimizi təbrik edirəm. Bura gəlib bizi dəstəklədikləri üçün sevinirəm.

– Rəqibin heyətində kimi qeyd edə bilərsiz?

– Futbolda kollektiv oyunu önəmlidi. “Arsenal”ın da çox yaxşı komandası var. Kimisə ayrıca qeyd etməyi düzgün saymıram. (futbolpress.az)

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email