Gələn ilki parlament seçkisində kimlər mandatsız qalacaq? – Maraqlı adlar…

Gələn ilki parlament seçkisində kimlər mandatsız qalacaq? – Maraqlı adlar…

20.08.2019

13:41

Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsi 2020-ci ilin payızına nəzərdə tutulur. Düzdür, seçkilərin daha erkən baş tutacağına dair vaxtaşırı mətbuatda iddialar səsləndirilir, lakin hakim partiya (YAP) rəsmiləri həmin iddiaları təkzib edir və seçkilərin vaxtında keçiriləcəyini bildirirlər.

Qaynarinfo-ya daxil olan məlumatlarda isə növbəti parlament seçkisində Milli Məclisin tərkibinin əhəmiyyətli şəkildə yenilənəcəyi bildirilir. Xüsusilə əksər yaşlı millət vəkillərinin 2020-ci ildə mandatsız qalacağı gözlənilir.

Hazırda Milli Məclisin ən qocaman deputatı xalq artisti Zeynəb Xanlarovadır. Onun 83 yaşı var. Üstəlik, artıq 30 ilə yaxındır ki, deputat statusu daşıyır.
Digər yaşlı parlament üzvləri arasında isə Ağacan Abıyevin (82 yaş), Fəttah Heydərovun (81 yaş), Yaqub Mahmudovun (80) adlarını çəkmək olar.
Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov , Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.

Adları çəkilənlərin bir çoxunun mandatsız qalacağı artıq indidən şübhə doğurmur. Xüsusilə Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir. Buna səbəb isə siyasi razılıq almayacaqlarıdır.

Parlamentin biznesmen deputatlarından Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin də 2020-ci ildə yenilənəcək Milli Məclisdə oturmayacağı deyilir.

Ümumiyyətlə, növbəti parlament seçkilərində geniş biznes imkanlarına malik şəxslərin mümkün olduğu qədər kənarda saxlanılacağı iddia edilir.
Xatırladaq ki, son parlament seçkilərində hakim partiya bəzi biznesmen deputatların namizədliyini irəli sürməkdən imtina etmişdi. Məsələn, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən millət vəkili olan Ərəstun Cavadov kənarda saxlanılmış, hakim partiya onun yerinə Əlyunis Mütəllimovun namizədliyini irəli sürmüşdü. Mərkəzi Univermağın İdarə Heyətinin sədri və Ağsuda və Bakıda çoxlu obyektlərin sahibi olan Ə.Cavadov  parlamentdən kənarda qaldı.

YAP-ın namizədlər siyahısında yer vermədiyi digər millət vəkili isə Fərhad Qəribov idi. 57 saylı Kürdəmir Seçki Dairəsindən seçkiyə biznesmen deputatının yerinə Nizami Qəribovun namizədliyi irəli sürülmüşdü.

Bununla da, Bakıda yerləşən “Çıraq Plaza” və “Şəki” restoranlar şəbəkəsinin sahibi olan, “Debütbank”a rəhbərlik edən, ölkə daxilində xaricdə bir çox başqa obyektlərə malik F.Qəribovun millət vəkilliyi macərası cəmi bir çağırış çəkmişdi…

Eyni ssenarinin növbəti parlament seçkilərində də davam edəcəyi və biznesmen deputatların bəzilərinin Milli Məclislə vidalaşacağı demək olar ki, qətiləşib…

P.S. Bəzi millət vəkilləri Milli Məclisin kreslosunda ölməyi Həcc ziyarəti kimi düşünür və fikirləşirlər ki, əgər MM-in mandatıyla ölsələr, var-dövlətlərinin bir hissəsi hakimiyyət tərəfindən onların 7 arxa nəslinə bağışlanacaq. Baxmayaraq ki, onlar millət vəkili olduqları müddətdə xalqın qəlbində və dövlətin tarixində heç nə ilə yadda qala bilməyiblər.

Hakimiyyet.com

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email