Heyvanların qeydiyyata alınması qida təhlükəsizliyinin vacib atributudur

Heyvanların qeydiyyata alınması qida təhlükəsizliyinin vacib atributudur

24.09.2021 Off By admin

İdentifikasiya heyvanların fərdi qeydiyyata alınma prosesi (identikləşdirmə) olub, heyvanlara fərdi identikləşdirmə nömrəsinin (kod) verilməsi, heyvanlar barədə məlumat bazasının yaradılması və heyvanların pasportlaşdırılması prosesini özündə əks etdirir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunundan bildirilib ki, ölkədə heyvan sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən baytarlıq-sanitariya tədbirləri, epizootik vəziyyət, həmçinin heyvandarlığın inkişafı barədə operativ məlumatların əldə olunmasında identifikasiya sisteminin rolu böyükdür.

Əvvəllər heyvanların tanınması məqsədilə nişanlanması nömrələmə, damğalama, qulağın kəsilməsi və s. üsullardan istifadə olunmaqla həyata keçirilirdi. Lakin bu üsulların heyvan rifahına mənfi təsiri, nömrənin silinməsi və oxunması ilə bağlı yaranan çətinliklər, nömrənin saxtalaşdırılma mümkünlüyü və digər bu kimi çatışmazlıqlar yeni identifikasiya üsullarının tətbiqi zərurətini yaradıb. Bu məqsədlə hazırda vizual və elektron qulaq birkaları, mikroçip, bolyus və s. kimi tanınma nişanlarından istifadə olunaraq heyvan barəsində zəruri məlumatlar elektron məlumat bazasında toplanır.

Qeyd edək ki, identifikasiya sistemi əsasında heyvanların məruz qaldığı baytarlıq tədbirləri (peyvəndləmə, antibiotiklərin və digər baytarlıq preparatlarının tətbiqi və s.), həmçinin diaqnostik nəticələr barədə məlumatlar əldə etmək mümkündür. Baytarlıq preparatlarının orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqı, daşınma və kəsim dövründə heyvanlara nəzarət, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin üstünlüklərindəndir. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının qida zənciri boyunca izlənilməsinə və təhlükəsizliyinə, nəticə etibarilə insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına imkan verir. İdentifikasiya sistemi həm də ölkə daxilində heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunması və istehsal edilən məhsulların ixracı zamanı mövcud maneələrin aradan qaldırılmasına zəmin yaradır.

Heyvan sağlamlığının təmin olunmasında və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalında identifikasiya sistemi böyük əhəmiyyət kəsb edir. Odur ki, bu sistemin tətbiqi ilə heyvanların genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, baytarlıq-sanitariya və heyvan sağlamlığı ilə bağlı digər zəruri tədbirlərin tənzimlənməsi əsasında ölkəmizin müasir qida təhlükəsizliyi standartına inteqrasiyasını sürətləndirmək mümkündür.

Hazırda ölkəmizdə AQTA tərəfindən heyvanların identifikasiyası və qeydiyyatı sisteminin (HİQS) yaradılması prosesi həyata keçirilir. İdentifikasiyanın ilk mərhələsi 2021-ci ildə pilot layihə kimi Bakı və Sumqayıt şəhərində, eləcə də Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi, 2022-ci ildən etibarən isə identifikasiyanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiq olunması nəzərdə tutulur.

“HAKİMİYYET.com”

Share