Koronavirusla əlaqədar Xubeyə ezam olunan tibb işçilərinin ilk qrupu öz şəhərlərinə qayıdıblar

18.03.2020 Выкл. Автор admin

Çində yeni tip koronavirus (COVID-19) infeksiyası ortaya çıxandan sonra çoxsaylı xəstələrin müalicəsi üçün ölkənin müxtəlif yerlərindən Xubey vilayətinə ezam olunmuş tibb işçilərinin ilk qrupu öz şəhərlərinə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Çində, o cümlədən COVID-19-un episentri olan Xubeydə xəstələrin böyük hissəsinin sağalmasından sonra artıq tibb işçilərinə ehtiyac azalıb. Bu səbəbdən onların hissə-hissə Xubeydən göndərilməsinə başlanılıb. İlk mərhələdə 3787 tibb işçisi Xubeyi tərk edib.

Xubeyə cəlb olunan tibb işçilərinin əksəriyyəti ilk dəfə epidemik şəraitdə işləməli olublar. Belə demək olarsa, onlar paralel olaraq epidemik şəraitdə fəaliyyət göstərməyi öyrənib, həm də işləyiblər. Sosial şəbəkələrdə epidemiyanın ön cəbhəsi olan Xubey vilayətində tibb işçilərinin gərgin fəaliyyətini, onların fədakarlığına və əzmkarlığını əks etdirən foto və videolar paylaşılıb. Bir neçə tibb işçisi, o cümlədən virusun ortaya çıxdığı günlərdə bu barədə ilk dəfə ictimaiyyəti məlumatlandıran həkim COVID-19-un qurbanı olub.

Xubeydə epidemiya ilə mübarizəyə nəzarət etmək üçün mərkəzi hökumət tərəfindən Xubeyə göndərilmiş xüsusi qrupun rəhbəri, Çin Dövlət Şurası sədrinin (Baş Nazir) müavini xanım Sun Çunlan tibb işçilərini müasir dövrün ən təqdirəlayiq adamları kimi səciyyələndirib. Bildirib ki, Xubeyi ən sonda ağır vəziyyətdə olan xəstələri müalicəsi ilə məşğul alan tibb işçiləri tərk edəcək.

Qeyd edək ki, dekabrın sonlarında Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində dəniz məhsulları, habelə vəhşi heyvan əti və orqanları satılan bazardan yayıldığı güman olunan yeni tip koronavirusa elə ən çox Xubey vilayətində yoluxma və ölüm faktı qeydə alınıb. Çində indiyədək COVID-19-a 81 min 202 yoluxmanın təxminən 50 mini məhz Xubeydə qeydə alınıb. Onların 39 min 220 nəfəri sağalaraq xəstəxananı tərk edib. Ötən müddətdə Çinin müxtəlif yerlərindən təxminən 42 min nəfərlik tibbi heyət Xubeyə cəlb olunmuşdu.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Share