Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub

Marneulidə Azərbaycan dilli məktəbin açılışı olub

16.09.2019

12:01

Sentyabrın 16-da Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 1 saylı Azərbaycan dilli ictimai məktəbin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gürcüstan Təhsil nazirinin müavini Levan Karatişvili, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Marneulinin meri Zaur Darğalli, parlamentin deputatı Ruslan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Məlumat verilib ki, 1930-cu ildən “taxta məktəb” adı ilə fəaliyyət göstərən bu təhsil ocağı son illər çox yarasız vəziyyətə düşmüşdü. Gürcüstanın Təhsil Nazirliyi 2015-ci ildə bu ərazidə yeni məktəb binasının tikintisinə başladı. Bu gün istifadəyə verilən məktəb binası 150 şagird üçün nəzərdə tutulub. Onların təhsili ilə 30-a yaxın müəllim məşğul olacaq.

İkimərtəbəli müasir məktəb binasının inşasına dövlət büdcəsindən 1milyon laridən çox (337 min dollardan artıq) vəsait xərclənib.

Mərasimdə çıxış edən nazir müavini Levan Karatişvili müəllim və şagirdləri həm yeni dərs ilinin başlanması, həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib. O, ölkədə təhsilin inkişafına xüsusi diqqət yetirildiyini, yeni təhsil ocaqlarının tikildiyini, bir çoxlarının təmir və bərpa olundugunu diqqətə çatdırıb.

Səfir Dursun Həsənov çıxış edərək Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından, danışıb, bir neçə gün əvvəl Qax rayonunun Əlibəyli kəndində yaşayan gürcülər üçün müasir məktəb kompleksinin istifadəyə verildiyini diqqətə çatdırıb.

Şota Rexviaşvili Kvemo Kartli bölgəsində təhsil ocaqlarının tikintisi və təmiri barədə məlumat verib. Qubernator Azərbaycanda yaşayan gürcülər üçün yeni məktəb binasının istifadəyə verilməsini yüksək qiymətləndirib və bu addıma görə Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlıq edib.

Marneuli rayonunun icra başçısı Zaur Darğalli, deputat Ruslan Hacıyev və başqaları da məktəbin kollektivini təbrik ediblər.

Sonra rəsmilər məktəbin binası ilə tanış olublar.

Birinci sinif şagirdlərinə netbuklar hədiyyə olunub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email