Meksika mətbuatında Azərbaycanda keçirilmiş parlament seçkilərinə dair növbəti məqalə dərc olunub

13.02.2020 Off By admin

Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində beynəlxalq müşahidəçi qismində Azərbaycanda səfərdə olmuş tanınmış jurnalist Federiko Lamontun 9 fevral tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərinə dair “Azərbaycan: çoxlu seçici və şəffaf seçkilər” adlı növbəti məqaləsi dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 dekabr 2019-cu il tarixində imzaladığı Sərəncama əsasən keçirilmiş növbədənkənar parlament seçkilərinə beynəlxalq müşahidəçilərin dəvət olunduğu qeyd olunur.

Azərbaycan hökumətinin dəvətinə əsasən seçkilərdə müşahidəçi qismində iştirak edən müəllif, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla keçirdiyi müsahibə zamanı onun seçkilərin şəffaf keçəcəyini, həmçinin yüksək seçici fəallığının müşahidə olunacağını vəd etdiyini bildirir və bu söylənənlərə Bakı şəhərində iştirak etdiyi 12 seçki məntəqəsində əyani şahidi olduğunu vurğulayır.

Məqalədə, habelə seçkilərin ABC Radio OEM daxil olmaqla 800-dən artıq beynəlxalq müşahidəçilər tərəfindən izləndiyi qeyd olunur, bunun Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə aparılan islahatlara daha da güclü təkan verəcəyi və həmin islahatların qeyri-neft sektorunun inkişafı, sosial-iqtisadi restrukturizasiyanı davam etdirməyə imkan verəcəyi xüsusilə vurğulanır.

Müəllif, xüsusilə, son dövrlərdə Azərbaycan hökuməti tərəfindən aparılan uğurlu islahatlar nəticəsində vergilər, gömrük, nəqliyyat, korrupsiyaya qarşı mübarizə sahələrində əldə olunmuş nailiyyətlərə görə Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 57-ci pillədən 25-ci pilləyə qədər yüksəldiyini diqqətə çatdırır. Həmçinin yeni parlamentin Azərbaycan hökumətinin ölkə əhalisinin rifahı naminə uğurlu islahatları daha da qısa zamanda həyata keçirməyə imkan verəcəyini əminliyini ifadə edir.

Share