Muğanlı-İsmayıllı yolunda yük maşını dərəyə aşıb, ölən var

Muğanlı-İsmayıllı yolunda yük maşını dərəyə aşıb, ölən var

13.08.2019

23:46

Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

                                                                ***

İsmayıllıda yük avtomobilinin dərəyə aşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə zamanı “HOVA” markalı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb. Sürücünün maşında olan oğlu, 17 yaşlı Süleyman Hüseynov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti FHN xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

                                                                ***

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində qeyd alınıb. “HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun əməkdaşları cəlb olunub.

Hazırda meyitin yük avtomobilinin altından çıxarılması üçün tədbirlər görülür.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email