Nazir: «Özünüməşğulluq proqramından sui-istifadə halları da var»

16.03.2020 Выкл. Автор admin

Məşğulluq proqramında iştirak etmək niyyəti olan insanlar çoxdur. 50 minə yaxın müraciət var. Ona görə də biz orada prioritetləşməni bu şəkildə qoyduq ki, əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olan insanlara üstünlük verək”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman bildirib.

Nazir vurğulayıb ki, 2017-ci ildə bu proqram 1500, 2018-ci ildə 7000, 2019-cu ildə 10000 ailəni əhatə edib: «Bu il üçün biz 11 mini hədəf müəyyən etmişik. Biz proqrama beynəlxalq təşkilatları da cəlb olunub. Sizin müvafiq görüşünüzdən və tapşırığınızdan sonra Dünya Bankı ilə aparılan müzakirələr uğurla başa çatdı. Müqavilə layihəsi artıq yekun olaraq razılaşdırılıb və martın sonunda Dünya Bankının Direktorlar Şurasının təsdiqinə təqdim ediləcək.

Biz Dünya Bankının prosedurlarını nəzərə alaraq düşünürük ki, müqavilə may, yaxud iyun ayına qədər imzalanacaq. Lakin buna baxmayaraq, biz hazırlıq işlərini davam etdiririk. Artıq layihə icra qrupu da formalaşdırılıb və hazırlıq tədbirlərinə tam şəkildə başlanılıbr. Bu il Dünya Bankının layihəsi çərçivəsində ən azı min ailənin maliyyələşdirilməsini planlaşdırırıq. Növbəti ildən artıq 5 min ailə Dünya Bankının layihəsi ilə maliyyələşəcək”.

Nazir deyib ki, BMT-nin İnkişaf Proqramı ilə 500 ailənin özünüməşğulluğunun təşkil edilməsi üzərində iş aparılır: “Artıq onlar bütün təlimləri keçiblər, bu ildən aktivlərlə təmin olunacaqlar. BMT-nin İnkişaf Proqramının verdiyi yeni təcrübəni, yeni yanaşmanı biz digər layihələrimizdə də tətbiq edəcəyik. Paralel olaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə biz “Sosial bağlar” layihəsi çərçivəsində hər il 250 ailəni də özünüməşğulluq proqramı vasitəsilə maliyyələşdiririk. Hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınıb ki, onların da davamlı gəlirliliyi təmin olunsun”.

Sahil Babayev qeyd edib ki, proqramın icrasının ən önəmli istiqaməti onun davamlılığı və səmərəliliyidir:

“Biz bununla bağlı monitorinq proqramını müəyyən etmişik. Hər rüb monitorinqlər keçirilir. İlk ilinin tamamından sonra biz monitorinqləri daha aktiv həyata keçirməyə çalışırıq. Çünki birinci ilin monitorinqləri çox yüksək — 85-90 faizin üzərində nəticələr göstərir. Amma səmərəliliyin daha düzgün, daha real qiymətləndirilməsi üçün ikinci ilin monitorinqləri önəm kəsb edir. Biz ictimai şəffaflığın təmin olunması üçün də müvafiq elektron portal yaratdıq. Hər bir insanın aldığı aktivlə birlikdə videoçəkilişi, fotoçəkilişi və aldığı aktivin keyfiyyətinə dair sənədlər orada açıqlanır. Hər bir monitorinqin nəticəsinə dair videolar da oraya qoyulacaqdır və orada açıqlanacaq. Əlbəttə, bu aktivlərlə bağlı adekvat addım atmayan insanlar haqqında müvafiq tədbirlər də görüləcək”.

S.Babayev onu da vurğulayıb ki, özünüməşğulluq proqramının dayanıqlılığının gücləndirilməsi üçün növbəti addım onun istiqamətlər üzrə bölgüsünün daha da təkmilləşdirilməsi idi:

“Çünki birinci ildə böyük istək məhz kənd təsərrüfatına, heyvandarlığa idisə, — bizim portfelimizin 82 faizi kənd təsərrüfatına aid idi, — artıq cari ildə bu, 67 faizə düşür. İndi istehsalat və xidmət sahələri də bu işə fəal qoşulmağa başlayıbdır. Bu da, şəhər ərazilərində əhalinin özünüməşğulluğu, kiçik və mikrobiznesin inkişafı baxımından çox önəmlidir.

Çox gözəl uğur hekayələrimiz də var. Məsələn, 2018-ci ildə yaradılmış bir keçi ferması artıq çox genişlənib, əlavə on nəfər işçisi də var. Kiçik şirniyyat sexləri var ki, ciddi şəkildə genişlənib. Yəni, uğur hekayələrimiz də var. Amma qeyd etdiyiniz kimi, uğursuz hallar da, sui-istifadə halları da var ki, onlara qarşı mübarizə aparılacaq”.

Share