Ombudsman Aparatında gənc hüquqşünaslarla görüş keçirilib

06.02.2020 Off By admin

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” (AYNHA) İctimai Birliyinin “Görüş klubu”nun üzvlərini qəbul edib.

Ombudsmanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti, Kiyev və Xarkov Dövlət universitetlərinin hüquq fakültəsinin tələbələri və məzunları iştirak ediblər.

Görüşdə iştirakçılara Ombudsman təsisatının yaranma tarixi, fəaliyyət istiqamətləri, şikayətlərə baxılması qaydaları, qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər, Konstitusiya Məhkəməsinə sorğular barədə ətraflı məlumat verilməklə yanaşı, onların çoxsaylı sualları cavablandırılıb.

İştirakçıları salamlayan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqların təsisatın fəaliyyəti ilə tanış olmaq təşəbbüsünü yüksək qiymətləndirib. Prezident İlham Əliyevin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs edən A.Səfixanlı bu yaxınlarda Azərbaycanda Gənclər Gününün qeyd olunduğunu xatırladıb. Bildirib ki, ölkəmizdə gənclərin inkişafına və könüllülük fəaliyyətinə xüsusi diqqət yetirilir. O, dövlətimizin başçısının 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Sərəncam imzaladığını və bu ildən etibarən Ombudsman Aparatında könüllülərin fəaliyyətə başladığını vurğulayıb.

Gənc hüquqşünasların dövlət müəssisələrində fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edən aparat rəhbəri könüllülük fəaliyyətinin karyera baxımından önəmindən danışıb.

Diqqətə çatdırılıb ki, Müvəkkil tərəfindən irəli sürülən təkliflərin əksəriyyəti artıq nəzərə alınıb.

Sonra işgəncə əleyhinə Milli Preventiv Mexanizm funksiyası və informasiya əldə etmək sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət funksiyasının Müvəkkilə həvalə edilməsi və bu sahədə görülən işlər haqqında məlumat verilib.

Gənc hüquqşünaslar təsisatın vətəndaş cəmiyyəti institutları, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı, maarifləndirmə sahəsində uğurlu təcrübələri haqqında da məlumatlandırılıb.

Share