Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri başa çatıb

Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günləri başa çatıb

08.10.2019

11:51

Oktyabrın 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qaraçay-Çərkəz Respublikasının Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Qaraçay-Çərkəz xalqlarının mədəni irsini əks etdirən yerli sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Bildirib ki, bu gün Qaraçay-Çərkəz xalqının mədəniyyətini nümayiş etdirən “Elbrus” Dövlət Rəqs Ansamblının çıxışını izləyəcəyik. Qeyd edib ki, ansamblın çıxışı hər iki ölkə xalqlarının bir-birlərini daha yaxşı başa düşməsinə dəstək olacaq.

Azərbaycanın göstərdiyi xoş münasibətdən məmnunluğunu ifadə edən Qaraçay-Çərkəz Respublikasının mədəniyyət naziri Ramazan Borokov bildirib ki, ansambl dünyanın bir çox ölkələrində çıxış etsə də, burada insanlardan aldığı hərarəti heç zaman unutmayacaq.

Konsertdə “Biz Elbrus dağının ətəyində yaşayırıq” xoreoqrafik kompozisiyası, “Muradım” və “Qafqaz” mahnıları, “Xəncər” və digər rəqslər ifa olunub.

Qaraçaylıların qədim “Kapiteyna” xoreoqrafiyası isə gözəl və nərmə-nazik qızların toyda cavan oğlanlarla birlikdə necə rəqs etdiklərini nümayiş etdirir.

Ansamblın bədii rəhbəri Qaraçay-Çərkəz Respublikasının Əməkdar incəsənət xadimi İsmayıl Bayramkulovdur.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email