Qardabani rayonundakı Azərbaycan məktəbləri

Qardabani rayonundakı Azərbaycan məktəbləri

18.08.2019

23:37

Gürcüstan hökuməti bölgələrdə təhsilin inkişafı, eləcə də məktəblərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Planda yeni məktəblərin tikintisi, mövcud təhsil ocaqlarının təmir-bərpası da nəzərdə tutulub. Hökumətin planında azərbaycanlıların yığcam yaşadıqları bölgələrdəki məktəblərin də təmiri nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, artıq Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda iki ictimai məktəbdə təmir-bərpa işlərinə başlanılıb.

Bunlar rayonun Sartıcala 2 saylı kənd orta məktəbi və Muğanlı kəndindəki Azərbaycandilli məktəblərdir.

Hər iki məktəbdə qapı və pəncərələr yeniləri ilə əvəzlənir, yeni dam örtüyü quraşdırılır və sanitar qovşaqları yaradılır.

Sartıcala məktəbinin bərpasına 156 897 lari, Muğanlı məktəbinin təmir-bərpa işlərinə isə 289 465 lari vəsait ayrılıb.

Təhsil müəssisələrində yenidənqurma işlərinin yeni tədris ilinin başlanmasına qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Məktəb uzun illər təhsilə yararsız vəziyyətdə fəaliyyət göstərib. Üçmərtəbəli təhsil müəssisəsi 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email