Sovxoz-2”-də nələr baş verir ?!

Sovxoz-2”-də nələr baş verir ?!

03.10.2019

14:30

       “Hakimiyyət”qəzeti redaksiyasına

        Bakı şəhəri, Sabunçu rayonu, “Sovxoz-2” kəndində yaşlı sakinlər tərəfindən

                                                                                 M Ü R A C İ ƏT

Hörmətli redaksiya!

Bizim yaşadığımız 2 saylı sovxoz 1958-ci ildə təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin fərmanı ilə ölkəmizin hər yerində olduğu kimi bizim çalışdığımız sovxozda da Aqrar İslahatlar aparılaraq 2000-ci ilin iyun ayında sovxoz dövlət müəssisəsi kimi ləğv edilib. Əmlak payçılarının və sovxozda işləyən çoxsaylı işçilərin təşəbbüsü ilə sovxozun qalan torpaq sahələrindən səmərəli istifadə etmək, kənd təsərrüfatı məhsulları istehsal edib məhsul bolluğu yaratmaq, sovxoz sakinlərini, o cümlədən gəncləri işlə təmin etmək, onların həyat şəraitini mümkün qədər yaxşılaşdırmaq məqsədi ilə keçmiş sovzozun əmlakının bazasında 2000-ci ilin dekabr ayında “UĞUR” Kənd Təsərrüfatı Məhsullarının İstehsalı Müəssisəsi yaradıldı.

Ləğv edilən zaman keçmiş sovxozun balansında xeyli sayda saz vəziyyətdə traktor, avtomaşın, kombayn, digər kənd təsərrüfatı texnikası, inək tövləsi, anbar və s. mövcud idi.

2001-ci ildə bələdiyyələr fəaiyyətə başladı. Müəssisənin rəhbəri və bələdiyyə üzvləri əlbir olaraq torpaq sahələrini, bütün növ kənd təsərrüfatı texnikalarını, ictimai tikililəri talan etdilər. Müəssisə üçün bir hektar da olsun torpaq sahəsi ayrılmadı. Müəssisə rəhbərinin başı torpaq alverinə necə qarışdısa, müəssisənin fəaliyyəti, insanların taleyi yaddan çıxdı. Kəndin on hektarlarla torpaq sahələri kəndlə əlaqəsi olmayan şəxslərə satılaraq talan olundu. Hətta Rayon İcra Hakimiyyətindən müəssisə üzvləri üçün ayrılmış torpaq sahəsi də bələdiyyələr tərəfindən aidiyyatı olmayan şəxslərə satıldı.

Enli küçələr satılaraq daraldıldı. İndi insanlar, əsasən də yüzlərlə azyaşlı məktəblilər səkisiz maşın yollarında məktəbə gedib- gəlmək məcburiyyətindədirlər. Çünki yolların kənarında boş yer yoxdur. Küçələrimiz bərbad vəziyyətdədir. Yarandığı 19 il ərzində nə müəssisənin rəhbəri, nə də ki bələdiyyələr tərəfindən yağış yağan zaman keçilməz olan küçələrə bir maşın da olsa, adi torpaq tökülməyib. Əsasən də yeni salınmış yaşayış massivlərində vəziyyət çox acınacaqlıdır. Qış aylarında palçıqlı, keçilməz küçələrlə azyaşlı məktəblilərin məktəbə gediş- gəlişi mümkün deyil. Bəzi küşələrə sakinlər özlərinin vəsaiti hesabına müəyyən qədər çınqıl töküblər. Zibil əlindən yay aylarında küçələrdə yerimək mümkün deyil. Çünki qəsəbədə zibil qabları qoymaq üçün yer tapılmır.

Körpələrimizin tərbiyə alıb böyüdükləri uşaq bağçası isə uçmaq vəziyyətindədir. Dəfələrlə şikayətlər olunub, çəkilişlər aparılıb. Lakin bu barədə insanları eşidən bir qurum yoxdur.

Qəsəbənin məzarlığı saydiqlarımızdan da acınacaqlı vəziyyətdədir. Qəsəbənin məzarlıq sahəsi ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin Əkinşilik Elmi Tədqiqat İnstitutunun 3 hektar yararlı əkin sahəsi məzarlıq məqsədi ilə qəsəbədə yaşamayan, qəsəbə ilə əlaqəsi olmayan kənar şəxslərə satılıb. Özü də kiçik ölçülərlə yox, sot hesabı ilə. İndi məzarlıqda kənd sakinlərinin dəfn olunması üşün yer tapmaq mümkün deyil. Lakin bu gün məzarlıqda hasara alınmış boş qəbir yerləri kifayət qədərdir. Hektarlarla qəbir yerləri pulla satılıb. Yüz minlərlə məbləğdə pullar hara mədaxil olunub, hara xərclənib məlum deyil.

Qəsəbədə müxtəlif şəxslər tərəfindən zəbt olunmuş torpaqlarda qanunsuz, özbaşına tikilmiş xeyli sayda təndirxana, təmirxana, çayxana, marketlər fəaliyyət göstərir.

17.09.2019-cu il tarixdə Pirşağı bələdiyyəsinin üzvu tərəfindən müəssisənin inzibati idarə binasında rəhbərin iş otaqlarının qapısı qırılaraq qanunsuz tikinti işləri aparılır, binanın konustruksiyası dəyişdirilir. Bizdə olan məlumata görə bələdiyyə üzvü bu otaqları bir neçə nəfərin təşəbbüsü ilə çayxana məqsədi ilə təmir etdirir. Bu işin görülməsi üçün heç bir qərar, sərəncam, layihə-smeta sənədləri və rəsmi icazə mövcud deyil. Biz yaşlı insanlar bir neçə nəfərin yersiz təkliflərini lüzumsuz hesab edirik. Ona görə ki, qəsəbədə lazımi qədər iaşə obyektləri və çayxana var. Bunlardan biri də haqqında yazdığımız inzibati idarə binasının həyətində yerləşir və hal-hazırda istifadəsiz qalmaqdadır.

 

Bu gün ölkəmizdə möhtərəm prezidentimiz İlham Əliyevin şəxsi rəhbərliyi və qayğısı ilə qeyri neft sektoruna, o cümlədən kənd təsərrüfatının inkişafına, kəndli insanların həyat şəraitinin yaxşılaşdırılmasına çox böyük diqqət və qayğı göstərilir. Bu bizi çox ruhlandırır, prezidentimizə olan hörmətimiz və ehtiramımız daha da artır, onun ətrafında daha da sıx birləşməyimizə şərait yaradır.

Xahiş edirik qanunsuz hərəkətlərə son qoyulmasına, müəssisənin fəaliyyətinə maneə törədənlər barədə müraciətimiz mətbuat vasitəsilə müvafiq orqanlara çatdırılsın və məsələnin ictimailəşməsində bizə köməklik göstərəsiniz.

Hörmətlə, qəsəbə sakinləri və müəssisənin payçıları adından Bayramov Rövşən, İbrahimov İbrahim və başqaları, cəmi 24 imza.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email