Halal olsun Süleyman, zəhmətkeşsən sən, inan!

Halal olsun Süleyman, zəhmətkeşsən sən, inan!

03.10.2019

13:58

İnsanlar hər dəfə doğum gününü qeyd edərkən arxada qalan dövrdə gördükləri işin hesabatını aparır, bunu həm özü, həm də yaxınları tərəfindən dinləməyi xoşlayırlar. Bu, yaradıcı insanlar da daha çox rast gəlinir. Hər dəfə yubiley keçirərkən Süleymanı düşündürən əsas məsələ budur: -Mən özümdən sonra hansı izləri qoymuşam, xalqın yaddaşına necə həkk olmuşam, nə yaratmışam?!

70 illik yubileyini qeyd etməyə yığışdığımız Süleyman Məsih oğlu Hüseynov haqqında Sumqayıt şəhər Mədəniyyət evində söylənilən fikirlər onun fəaliyyətinin cüzi bir hissəsini əhatə etsə də, onu tanıyıb sevənlər üçün bəs qədərdir ki, ayaq üstə Süleymanı ona layiq şəkildə alqışlasınlar!

Süleyman qəlbən multikultural dəyərləri özündə yaşadan, dini, irqi, milli mənsubiyyətə görə insanlara fərq qoymur. Onun yaşam tərzi, işlədiyi çoxminli və çoxmillətli kollektivi, döğulduğu Lənkəran mühiti, fəhləlıkdən baş direktor vəzifəsinədək Sumqayıtda keçdiyi ömür yolu bunu açıqlayır. Doğulduğu ailədə atasından, əmilərindən, yaşadığı Sumqayıtda insanların isti münasibətindən bəhrələnir Süleyman!

Uzun illər Sumqayıtın qurucularından olmuş, SSRİ dönəmində ölkənin ən mühüm sənaye obyektlərindən olan Sumqayıt Super-Fosfat zavodunun direktoru, kimyaçı- alim Zamin Hüseynovun əli altında işləmək, böyümək, həyatı öyrənmək, ən əsas,ı əminin məsləhətləri əsasında həyatı qurub yaşamaq da  Süleymana Allah lütfüdür. Və bu ona yaşamaq, yaratmaq məsuliyyəti verdi. Bu günün Süleyman həmin günlərin bəhrəsidir. Bir sözlə, Süleyman birdən-birə yetişməyib: zərrə-zərrə, damla-damla uğurlarına imza atıb Süleyman!

Lənkəranın Boladi kəndində dünyaya gəlib, şəhid N.Axundov adına 1 saylı Boladi kənd orta məktəbini bitirib, 10-dan artıq şerlər kitabının müəllifidir Süleyman. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2019-cu ilin Prezident mükafatçısı Süleyman Hüseynovun “AND” romanı bu günün ən orijinal vətənvərlik ruhunda yazılan əsərlərdən biri, bəlkə də birincisidir.

53 il əvvəl – 1966-cı ildə doğma kənddə orta məktəbi əla qiymətlərlə başa vuraraq Sumqayıta gələn Süleyman ilk öncə ali təhsil almaq arzusundaydı. Sovetlər ölkəsinin neft-kimya sənayesinin inkişafında böyük rolu olmuş əmisi Zamin Hüseynovun məsləhətiylə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna  qəbul olmuş Süleyman hələ orta məktəbdə oxuyarkən şerlər yazırdı. Bu yolda ona seçdiyi neft-kimya mühəndislik peşəsi də mane olmadı…

Süleyman Hüseynov kimyaçı-mühəndis kimi addım-addım ucaldı: fəhləlikdən Sumqayıt Kompressorlar zavodunda, “Kimyasənaye” İB-də, Rusiyanın  Moskva şəhərinin müəssisələrində yüksək vəzifələrdə çalışdı, vaxtilə fəhlə kimi işə qəbul edildiyi Superfosfat zavodunda və  Sumqayıtın digər müəssisələrində direktor oldu.

Rusiyanın Xalq Təsərrüfatı Akademiyasını fərqlənmə diplomu ilə bitirən Süleyman ədəbi yaradıcılıqdan heç vaxt ayrılmadı. 1971-ci ildə Sumqayıtda çıxan “Kimyaçı” qəzetində iki dəfə Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanova həsr etdiyi “Bakıda bir məzar var” şeri mətbuatda dərc olunduqdan sonra onun şairlik yoluna çıraq saldı. Şairin “Bir həzin nəğmə”, “Öz yolumla gedirəm”, “Qəlb harayım”, “Taleyim mənim”, “Qəriblik nəğmələri” adlı şerlər kitabları, “Ana baxışları”, “Qisas” və “And” adlı povest və romanları nəşr edildi. Həmvətənimiz Nadejda Painanın tərcüməsi ilə Bakıda və Moskvada şairin rus dilində “Прожил бы так”, “Если я не вернусь”, “Меч правосудия” şerlər kitabları da çoxminli oxucuların rəğbətini qazanıb…

Azərbaycan Yazıçılar Birliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti və AYB Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə N.Nərimanov adına Mədəniyyət Mərkəzində şair, yazıçı-publisist,  tərcüməçi Süleyman Hüseynovun 70 illik yubileyi münasibəti ilə keçirilən ədəbi-bədii gecə iştirakçıların böyük marağına səbəb oldu. Tədbir istedadlı yazıçı Hafiz İmamnəzərlinin ssenarisi əsasında hazırlanan səhnəylə başladı. Bu səhnənin özündəcə Süleyman Hüseynovun xüsusiyyətləri bədii formada tamaşaçılara çatdırıldı.   Respublikanın əməkdar artisti Cəlal Məmmədov Süleyman Hüseynov yaradıcılğı haqqında məlumat verib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının  birinci müavini Teymur Səmədov, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi, şair Dayandur Sevgin, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova, “Exo Sumqayıt” qəzetinin baş redaktoru Eyruz Məmmədov, tənqidçi-alim, filologiya elmləri doktoru Vaqif Yusifli, Daşkənd “Sredazsvetmetenerqo” Səhmdar Cəmiyyətinin baş direktoru Mixail Kostetski, Tacikistanın sabiq müdafiə sənayesi naziri, millət vəkili  Qnaforxo Muxiddinov yubliyarı təbrik edib ona ölkələrinin milli atributlarını tərənnüm edən hədiyyələrini təqdim etməklə xoş arzularını bildirdilər.

Sumqayıt Dövlət  Dram  Teatrının aktyorları İlahə Səfərova və Oqtay Mehdiyev  Süleyman Hüseynovun istedad və yaradıcılığının Qarabağ mövzusunda bəhrəsi olan, gənclərimizə vətənpərvərlik ruhu aşılayan “And” romanından bir parça  nümayiş etdidilər.

Azərbaycan Respublikasının əməkdar artisti Nahidə Orucova, Sumqayıt Dövlət Dram Teatrının aktyorları İlahə Səfərova, İzaməddin Bağırov, Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvləri  Cavidan Mirzəzadə, Aynur Kərimova, 42 saylı məktəbin şagirdi Nisə Cəlilli, Xəzər rayonu, Binə qəsəbəsi, 218 saylı tam orta məktəbin şagirdi Mədinə Hümbətovanın ifasında şairin  şerləri səsləndirildi. Şairin Talış dilində səslənən serləri bir daha Süleymanın doğma yurda, obaya məhəbbətindən xəbər verdi.

Dilini, elini sevməyən kəsdən Vətənə vətəndaş ola bilməz. Süleyman Hüseynov bu məziyyətləri qoruyub saxlamaqla, bir daha sübut edir ki, o, bu ölkənin layiqli vətəndaşıdır.

Azərbaycan Aşıqlar Birliyinin üzvü, aşıq Əfsanənin ifa etdiyi  saz havası gecəyə xüsusi rəng qatdı.

Sonda söz yubliyara verildi. O, tədbirin təkilatçılarına, xüsusən də Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Zakir Fərəcova, iştirakçılara təşəkkürünü bildirib, yeni şerlərini oxudu. Tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirdi.

Füzuli Əfqanoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm”mükafatının laureatı

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email