ŞUŞANIN GÜNƏŞİ

ŞUŞANIN GÜNƏŞİ

11.06.2021 Off By admin

…Bəs niyə Günəşi?..
…Düzü, çox fikirləşirdim ki, bu yazının adı necə olsun?..
Fikirləşirəm, qəlbim dolur…
Şuşanın elə tək adıca bəsdir: hər yerdən uca, hər yerdən gözəl.
Və əzəmətli!..
Yolu-rizi, dərəsi-təpəsi, kolu-kosu, gülü-çiçəyi, havası, otu…
Bəs niyə təkcə Günəşi?..
Amma Günəşi bir başqa aləm idi…
Allah haqqı, Günəşi hər yerdən və hər şeydən uca, işıqlı və ilıq idi.
Günəşə yaxın Şuşanın al şəfəqləri – isti, duru idi…
Sanki Tanrının və bu Yer üzünün Günəşi hamıdan, hər şeydən çox sevinirdi və
bizə də bu sevinc nurundan, bax beləcə pay göndərirdi.
Salam, Günəşimin Şuşası!..
Salam, Şuşamın günəşi!..

Gülümsə - deyirəm,- göz yaşlarımın Şəffaf işığının düşdüyü yerdə... -  Hədiyyə Şəfaqət - şeirlər | Edebiyyatqazeti.az
…Avtobus qafiləmiz yola düzəlir və pəncərədən görünən doğma Vətən mənzərələrini
bağrıma basaraq, indiyə qədər getdiyim bütün yolları xatırlamağa çalışıram.
Həyatımın ən unudulmaz səfərlərini yaddaşımın saxlancından çıxarıb, mirvari dənələri
kimi bir-bir gözlərimin önündən sıralayıram, amma hiss edirəm ki, indiyə qədər ömrümə
yazılmış bütün yollardan, həyəcan, maraq və xoş təəssüratlar dolu güzarlardan heç biri bu qədər
olmayacaq.
Bu yol – müqəddəs ziyarətgaha aparan yoldur və ömrümün ən gözəl yoludur…
Kim bilir, bəlkə bu qədər ömrü elə bu yolu getməkdən ötrü yaşayırmışam…
***
Şuşaya gedirik…
…Bir-birinin ardınca qarışqa səfi kimi düzülmüş mikroavtobuslar irəliləyir, özü ilə
bərabər bizi də ulu dağların başına dolandırır.
Nə gözəl!..
Kimlər yoxdur? Tanınmış simalar: deputat həmkarlarım, ictimai-siyasi xadimlər…
Yazıçılar, şairlər, bəstəkarlar… Televiziya kanallarının, qəzetlərin və saytların redaktorları…
Böyük orkestrın ifaçıları… Xor, rəqs ansambılları, etnik milli ruhlu bədii-özfəaliyyət
kollektivləri.
Şuşaya – mədəniyyətimizin paytaxtına gedirik!..
Söz və musiqi bayramına…
Qələbəlik və şadyanalıqla…
Bir anlıq özümü böyük arzu-niyyətlərlə müqəddəs məkanlara doğru yola çıxan və
aylarla yol gedən zəvvarlardan biri kimi təsəvvür edirəm.
Əziz Şuşa!
Müqəddəs Şuşa!..
Xoş gördük!..
İrəlilədiyimiz yolu narahat yuxularımın içindən keçib gəlirəm. Uzun illər yuxularımdakı
ot basmış cığırların, kol-kosa bürünmüş yol-rizin düşüncələrimdən daş kimi asılmış qubarı da
əriyib itir, yavaş-yavaş ruhumun necə dincəldiyini hiss edirəm.
Nisgilli yurdlarımızdan kənarda, bizi gözləyə-gözləyə həniri, qaraltısı itib-getmiş,
görünməz olmuş ocaq yerlərimizdən uzaqlarda, gözlərindəki bulanıq həsrətlə birgə bəlkə bir
gün o yerlərə aparmaq qismət olar ümidi ilə əmanət qəbirlərdə torpağa tapşırdığımız doğma
insanları xatırlayıram.
Şəhidlərimiz, qəhrəman övladlarımız…

Nakam getmiş yaşıdlarımız…
Bığ yeri tərləmədən canını tapşırmış, qanı ilə bu torpağı suvarmış nər oğullarımız…
Ruhunuz şad olsun!..
Elə bilirəm ki, bu səfərdə onların ruhu da mənimlədir, o həsrətli baxışlar getdiyimiz bu
yollara gözlərimlə baxır.
Hər baxanda şadlanır, hər baxanda o həsrət azalır, nigaran ruhlar aram olub rahatlıq
tapır, daxili dünyamdakı qarışıq düşüncələrin içindən şükranlıqlarını yetirir.
Bu an içimdəki ən böyük duyğu şükranlıq duyğusudur…
Taleyimizə şükür edirəm.
Ordumuza, torpaqlarımızı misilsiz qəhrəmanlıqla düşməndən təmizləmiş əsgər və
zabitlərimizə şükranlıq hisslərimi çatdırıram, qanı ilə bu torpaqları daha da müqəddəsləşdirmiş
şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Bu müqəddəs savaşda canını fəda etmiş igidlərimizin ruhu şaddır.
Torpaqlarımızın azadlığı arzusu ilə Əbədiyyətə qovuşmuş Əbədiyaşar Heydər Əliyevin
ruhu şaddır.
Bu düşüncələr, izahı mümkünsüz bu duyğular tariximizin dönüş nöqtəsidir, toplum
olaraq həyatımızda yeni bir başlanğıcdır.
Bu tarixin canlı müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir!..
Əsrlərə sığmayan şanlı bir tarix yazmış Azərbaycan Prezidenti!
Qarabağın Xilaskarı!…
Bu yolun hər addımında duyduğumuz ruhun, sevginin, qürurun, şükranlıqların ünvanı –
Böyük Dövlət Xadimi!..
“Dəmir yumruğ”un gücü ilə bizi bu günlərə yetirmiş Sərkərdədir bu tarixi yaradan, adını
bu tarixə əbədi yazan – İlham Əliyev!..
Onun əmrində düşməni bu torpaqlardan “iti qovan kimi qovmuş” qəhrəmanlarımızdır,
Azərbaycan Prezidentinin illər boyu yetişdirdiyi vətənpərvər, qorxmaz, ürəyi bu torpaqlara
sevgi dolu gənclikdir.
***
Azad olunandan sonra bizim ilk dəfə gəldiyimiz Şuşaya Baş Sərkərdəmiz İlham Əliyev
və Azərbaycan sevdalısı, dəyərli çiyindaşı Mehriban xanım artıq üçüncü səfərlərini edirdilər.
Əvvəlki gəlişləri Şuşanın dirçəldilməsi, bərpası proseslərinin başlanmasına, uğurlu gedişinə və
ilkin nəticələrinə rəvac vermişdi.
İlham Əliyev həm də ona görə xoşbəxtdir ki, tarixə öz mübarək ismini Şuşanın Xilaskarı
olmaqla yanaşı, Şuşanın Qurucusu kimi həkk etdirdi!..
Müzəffər Komandanın “Şuşaya doğru irəli!” əmrini yerinə yetirmək üçün bu ləyaqət
qalasına, şərəf zirvəsinə doğru minlərlə ərənimiz dağlara dırmaşaraq, cığırlarında sürünərək,
yüngül silahlarla yürümüşdü…
Özü də kimin qarşısına? Neçə ildir bu qocaman ucalıqların bəkarətini pozaraq, onun hər
qarışını səngərə, lığıma, cəbhə məntəqəsinə çevirən və dünyanın ən böyük fövqəlgüclərinin
müasir artilleriyası, ağır texnikası ilə silahlanan düşmənə qarşı…
Arxasında yaralı vətən, nakam arzular və Qeyrətli Komandan olduğunu bilən
cəngavərlərimiz Şuşanı mənzil-mənzil, ev-ev, məhəllə-məhəllə azad etdi…
Şuşanın hər qarışında Azərbaycan əsgərinin qanı var…
Uca Şuşamız bax bu qanlarla daha da müqəddəsləşdi!..
İlham Əliyev Şuşada qazandığı zəfərlə iki əsrlik münaqişəyə, 32 illik savaşa son qoydu.
İlham Əliyev indi də daha yeni Azərbaycanın abadlığına, daha işıqlı gələcəyimizin
quruculuğuna məhz Şuşadan başlayır…
İlham Əliyevin Azərbaycanı daha böyük hədəflərə doğru Şuşadan istiqamət götürür…
Şuşa artıq Azərbaycanın yeni başlanğıc məqamıdır!..
Bax elə yolumuz da bu başlanğıca doru idi…

***
Şuşaya gedirik…
“Xarıbülbül” festivalına!..
Nə gözəl…
Dilimizin ən müqəddəs duası kimi, yaddaşımızda bir ömür boyu səslənən ömür
nəğməmizin ən gözəl misrası kimi.
O anlarda Ana dilimizdə bu bir neçə kəlmədən gözəli varmı?!.
Bu sözlərin gözəlliyindən, sehrindən allısı-ballısı varmı?..
Söz burdadır!..
Sevgi burdadır!..
Bu sözlər və sevgilər Şuşa dağlarının başının üstündəcə – zərli günəşin şəfəqləri ilə
nazlanır.
Şuşaya gedirik…
Şuşaya – ruhumuzun şəhərinə, arzularımızın şəhərinə, mədəniyyət, ləyaqət
paytaxtımıza!..
Böyük bir tikinti meydanı, quruculuq səngəri olan Şuşaya.
Yol qırağında azad yurdlarımızın adları, məsafə göstəriciləri yazılmış böyük lövhələr
indi adama bir başqa cür görünür. Adlar, rəqəmlər adamın üzünə gülümsünür, tilsimdən
qurtulduğunu dil açıb çatdırmaq istəyir elə bil…
Artıq bu lövhələr həsrətin, qubarın simvolu olmaqdan çıxıb, onların üzərindəki
məsafələr illərin dalanına, çıxılmazlıqlarına dirənmir, insanları həqiqətən arzularının məkanına,
mənzil başına çatdırır.
Daha bu rəqəmlərə həsrət, nisgil, kədərli nəzərlər zillənmir, Günəş dolusu bir sabaha
doğru yola çıxmış insanların gülümsər baxışları görüşür, arzuları qovuşur…
***
Böyük Tanrının qələm çaldığı tablolara baxırsanmı?!
Avtobusumuz irəlilədikcə, təbiətin qüdrət qələmi ilə torpağın köksündə yaratdığı
əsrarəngiz mənzərələr bir-birini əvəz edir.
Dağların yamacında yayılıb gedən sapsarı taxıl zəmiləri bərəkətli çörəyin üstünə yaxılıb
laylanmış və qatlanıb uzanmış bal loğmasına bənzəyirdi…
Qırmızı, al-qırmızı, kövrək və qopraq lalələrin canına daraşdığı sinətağ zəmilər təzəcə
açılan kitab vərəqləri kimi yellənirdi…
Qəhrəman oğullarımızın şəhid qanı kimi ormanlığın canına hopmuş, laləzar çöllərin üz-
gözünə sıçramışdı…
Tarixin əbədi və qırmızı sətirləri ilə!..
Bu torpaqlara bahar çələng hörüb, xallanmış ağacların, yeddiçalar püstə güllərinin, iydə
budaqlarının al rəngli çiçək açdığı vədələrdir…
Uşaqlığımdan bəri bahar büsbütün bu ətirdən ibarət olub. Qəribəsi budur ki, indiyə
qədər yaşadığım ömrün bu ətri duymadığım heç bir baharını xatırlaya bilmirəm.
Hətta təbiətin öz səxavətini əsirgədiyi, ağacdan, yaşıllıqdan kasad məkanlarda da yenicə
çiçəklənmiş iydə ağacı öz ətri ilə hər yaz həmişə məni bax beləcə sehrləmişdi…
Üstünə həsrət tozu hopmuş bu illərdə – bir igidin ömrü qədər vaxtda hər dəfə iydə
çiçəklərinin ətri ruhuma dolanda bu yerlərin baharını xatırlayırdım. Elə bilirdim ki, daha bu
ellərə bahar gəlmir, ağaclar yarpaqlamır, otlar yaşıllaşmır, bulaqlar axmır, bal arıları uçuşmur,
quşlar da o vaxtdan bəri susub.
Bu torpaqların təbiəti o vaxtdan bəri düşüncələrimdə kədərli bir filmin soyuq bir anı
kimi donub dayanmışdı…

Yurd yeri yaddaşımın divarlarından işğalçıların törətdikləri vəhşəti, insanlığa qarşı
cinayəti bütün Yer üzünə, keçmişə, bu günə, gələcəyə duyurmaq istəyən qarlı torpağın, dilsiz-
ağızsız daşın, dərənin hüznlü portreti kimi asılıb qalmışdı.
Bu yerlərin mənzərəsinin düşüncələrimdəki buzu, soyuqluğu illərin ayrılığından sonra
ilk dəfə buradan keçəndə isinib hərarətlənməyə başladı.
Oyanıb hövürlənmiş torpaq, qırışığı açılmış, dinə-imana gəlmiş yurd yerləri…
Yurd yeri, ocaq yeri…
Dağ yeri, güman yeri…

***
Nə gözəl sığal çəkmisən bu yerlərə, İlahi!
Ağac hər yerdə ağacdır, meşə hər yerdə meşə, dağ-daş, ot-ələf…
Çiyin-çiyinə söykənmiş dağ-dərə, nərbiləkli oğulları gözləyən çəmənlik və biçənək
yerləri…
Amma bu yerlərin mənzərəsində təbiətin yaşıl füsunkarlığından başqa həm də qəribə
bir bakirəlik vardı…
Yaşıl, yamyaşıl rənglər bu min cür büsata şahidlik edirmiş kimi, gözümüzü və
ruhumuzu oxşayırdı…
Erməni vandalları əsrlərlə xalqımızın bu torpaqlarda tikib-qurduqlarını bir neçə ayın,
ilin içində dağıdıb-töküb, satıb-sovsalar da, milli yaddaşı torpağın köksündən qazımaq üçün
hətta məzar daşlarına qədər söküb aparsalar da, torpağın bəkarətinə əl uzada bilməyiblər.
Hünərləri çatmayıb. Təbiətin özünüqoruma instinkti onların zorakı xislətindən,
təcavüzkar mahiyyətindən daha güclü çıxıb.
Ana təbiət sevgilisi döyüş meydanında, uzaq səfərlərdə olan əli hənalı, həyalı el
qızlarımız kimi öz ismətinə sığınıb, namusuna tutunub, bir saçını ağ, bir saçını qara hörərək
illərlə öz könül həmdəminin yolunu gözləyib.
Doğmasının bir gün gələcəyini, isti əllərinin sığalı ilə onu yenidən dirçəldəcəyi, zəhərli
tikan kimi bədəninə sancılmış minaları, mərmiləri çıxarıb atıb, yaralarını sağaldacağı, ana
torpağı yenidən əkin-biçinli, axar-baxarlı, çal-çağırlı, toylu-büsatlı, gülüş səslərinin bir-birinə
qarışdığı xoşbəxt həyatına qaytaracağı günlərin intizarı ilə yaşayıb.
Bu yerlərin əsl sahiblərinin qayıtdıqlarını görüb sevinən Anam Torpaq baharın
əsrarəngiz zinətləri ilə özünə minbir bəzək vurub bütün gözəlliklərini qarşımızda sərgiləmişdi.
Əziz Şuşa, Ana torpaq!..
Xoş gördük, doğma Cıdır düzü!..
***
Böyük Zəfərimizdən sonra aylardır ki, Şuşada duyulan doğma səslərdən və hənirdən,
doğma əllərin hərarətindən tikililər də cana gəlmişdi, salamat divarlar məzhunluq
mənzərəsindən, kədərli görkəmindən çıxmışdı və onlar adama ümidin, dirçəlişin, yeni bir
gələcəyin boy göstərən Abidəsi kimi gəlirdi…
Şuşada, Cıdır düzündə dilsiz-ağızsız otu-əncər də bizimlə dil açıb danışırdı, ağac da
sevinirdi, daş-qaya da sevinirdi, çiçəkdən çiçəyə qonub şirə çəkən bal arıları da sevinirdi.
Ancaq…
Ancaq ən çox Günəş sevinirdi!..
Şuşanın günəşi!…
Şəhərdə yaşayanlar dedilər ki, “Xarıbülbül” festivalının keçirildiyi günlərə qədər Şuşada
hava yağmurlu keçirmiş, yaz yağışı ara vermirmiş. Amma biz gələndə Günəş zərrin şəfəqlərini
şəhərin üzərinə yaymışdı. Yağışda yuyunub müqəddəs şəhərimizin üzərindəki sonuncu
şəbnəmləri də qurulamışdı.

Şuşa insanlıqdan kənar vandalların törətdikləri günahlardan, natəmizliklərdən qüsl edib,
arınıb-durulub özünü neçə illərdən sonra burada qılınacaq Ramazan bayramı namazına
hazırlamışdı.
Şuşadakı Gövhər ağa məscidindən səmalara bülənd olan bayram azanının ecazkarlığı
ətrafa yayılan vaxt dağların qoynundan boylanan Günəşi seyr etdikcə, adama elə gəlirdi ki, bu
Günəş sanki bir başqa Günəşdir.
Bu Günəş, elə bil ki, ancaq Qarabağa, Şuşaya qucaq açıb – onu öz müqəddəs nuruna
boyamaq üçün…
Və bu Günəşin parlaq çöhrəsindən haqqın-ədalətin öz yerini tutmasından, dünyada
dilindən, inancından, mədəniyyətindən asılı olmayaraq bütün insanların qarşılıqlı sevgi və
hüzur içində yaşaya biləcəkləri belə bir şəhərin, belə bir ölkənin varlığından könlü xoş olmuş
Tanrının özü gülümsünür.
***
Şuşa ucadadır!..
Dualarımızla qoşadır!..
Şuşa ucadır və dualarımız eşidiləndir…
“Xarıbülbül” festivalını izlədikcə, Azərbaycanda yaşayan müxtəlif xalqlara aid musiqi
nümunələrini, rəngarəng ifaları göz dolusu seyr etdikcə, bu Vətəndə yaşayan və eləcə də,
dünyanın harasında yaşayır-yaşasın, qəlbi Azərbaycanla döyünən bütün həmvətənlərimizi tək-
tək sinəmə sıxmaq istəyirdim. Onları nə qədər sevdiyimi çatdırmaq, yurda və cahana sülh,
tolerantlıq, multikulturalizm, insana sevgi dəyəri üzərində bərqərar olan bu mənəvi böyüklük
qarşında səcdəyə getmək istəyirdim.
İnsanı yaşadanlar, insanı sevənlər, insanlıq üçün qurub yaradanlar bir Günəş altında
birləşmişdi.
Həmin gün Şuşa günəşinin şəfəqləri bütün dünya azərbaycanlılarına çatırdı,
Azərbaycanı sevən hər kəsi isindirirdi.
AzƏrbaycanı, Qarabağı, Şuşanı sevənlərin hər birinə bu nurdan, hərarətdən pay
düşürdü…
Qəlbim atlanır, Prezidentimə, Ali Baş Komandana minnətdarlıq hissi ilə ucadan
səslənmək istəyirəm…
Şuşa! Səni yol-rizinlə, otun- çiçəyinlə, dağ-dərənlə, havanla, suyunla və… bu odlu
günəşinlə bir yerdə bizə geri qaytaran və bizə bəxş eləyən odur – Müzəffər Ali Baş Komandan
İlham Əliyev!..
Sağ olun, Cənab Prezident!
Bizi Şuşaya qaytardığınıza görə…
Bizi Şuşaya gətirdiyinizə görə…
Vətənimizin incisi – Şuşanı bizə qaytardığınıza görə!..
***
“Xarıbülbül” festivalı əlbəttə ki, mədəniyyət hadisəsidir, zəngin multikultural
ənənələrimizin təntənəsidir…
Amma fikrimcə, “Xarıbülbül” daha çox siyasi olaydır, hücumçu diplomatiyanın növbəti
mərhələsidir, hərbi gücün davamı və əyani nümayişidir…
Həm də Böyük Zəfərin rəsmiyyət ünvanı olan Şuşanın timsalında bu müqəddəs Vətən
uğrunda şanlı Savaşın hər an davam edə biləcəyinin qətiyyətli bəyanıdır!..
“Xarıbülbül” İlham Əliyevin Dəmir Yumruğunun hələ də, – əslində sonsuzadək, –
düşmənin başı üzərində “Domokl Qılıncı” kimi dayandığının ən sərt ifadəsidir!..

İlham Əliyev “Xarıbülbül”dəki müzəffər duruşu, əzmkarlığı və kəskin sözləri ilə
göstərdi ki, Azərbaycan savaşdan quruculuğa, hərb məkanından mədəniyyət platformasına qısa
müddətdə keçməyi bacardığı kimi, yenidən Haqq, Ədalət, Zəfər yürüşünə başlaya bilər!..
İlham Əliyevin Şuşada – “Xarıbülbül”də – məmləkətin ən hündür ləyaqət zirvəsində
dalğalandırdığı Azərbaycan bayrağının kölgəsi indi Xankəndidən Xocalıya, Laçın dəhlizindən
Zəngəzur koridoruna qədər bütün ərazilərimizə düşür!..
“Xarıbülbül”də Azərbaycan daha da gücləndi, xalq daha da birləşdi, Ordumuz daha da
mətinləşdi…
“Xarıbülbül”də düşmən və onun havadarları daha da miskinləşdi, daha da parçalandı,
daha da rəzilləşdi…
“Xarıbülbül” İlham Əliyevin Xilaskarlıq missiyasının şərəfli zirvəsi, möhtəşəm NİDAsı
oldu!!!
***
Keçib-getdiyimiz adda-budda kəndlər və miskin erməni evləri və acı baxışlar…
Yolboyu qarşımıza çıxan üz-gözünü tük basmış, üst-başları nimdaş, qulaqları sallax,
üzbaşları qara qırtıx tük basmış yaşlı ermənilər kinli nəzərlərlə bizə baxırdılar.
Çox miskin mənzərə idi…
Karıxmış insanlar, sozalmış üzlər, səmtini itirmiş döyükən gözlər…
Çöhrələrində işıqdan əsər-əlamət görünmür… Hiss olunurdu ki, illərlə ürəklərində
böyütdükləri qəzəbin-küdurətin, saxtakarlığın içində çoxdan özlərini dəfn ediblər.
Axx!.. Necə də təzadlı mənzərələr idi…
Onların üzgün baxışlarına, əllərində girəvə olsa getdiyimiz avtobuslarla birgə bütün
dünyanın altını üstünə çevirməyə, bəşəriyyəti didib parçalamağa meyilli görkəmlərinə baxınca,
buna qarşılıq vermək, onlara nifrət etmək istəyirdim.
Amma nə qədər qəribə olsa da, onlara nifrət etməkdən çox, yazığım gəlirdi, acıyırdım…
Bu qədər boş-boş xülyaların, cəfəng hisslərin əsiri olmağa dəyərdimi?!
Əzəmətli dəmir yumruq, başınızı əzən zərbələr ayıltmadımı sizi?!
Başınız batsın!..
Olmayan başınız…
Dövlət rəhbərimizin festivaldakı çıxışını dinlədikcə, hər zamankı qətiyyətinə, ağlına,
zəkasına, gələcəyə baxışına heyran olduqca, “Xarıbülbül” festivalında təqdim edilən
mədəniyyət incilərinin gözəlliyində ruhum təzələndikcə, o yaşlı ermənilərin miskin, depressiv
görkəmlərini xatırlayırdım.
Düşünürdüm ki, keşkə bu zavallılar İlham Əliyev kimi güclü və qətiyyətli rəhbərin
Liderliyi ilə bir Günəş altında isinə bilməyin, sevginin, sülhün, qurub-yaratmaq arzusunun,
tolerantlığın, başqa mədəniyyətlərə hörmət ruhunun insana nə qədər böyük könül xoşluğu, heç
zaman bitməyən xoşbəxtlik ruhu gətirdiyini bir bilsəydilər…
Mahiyyəti ancaq söküb-dağıtmaqdan, əlinə keçəni, gözünə görünəni məngirləyib içəri
ötürməkdən, oğurlamaqdan, özünün saxta tarixini, milli varlığını üfürüb şişirtməyə çalışmaqdan
ibarət olan bu vəhşi, vandal həyat tərzi kimə lazım?!
Yaman olur anlamaq dərdi…
***
Qayıdırıq…
Dağların belinə kəmər kimi dolaşan çarpaz yollar aşağılara, yaşıl ormanlığa, dərin
ənginliklərə açılır.
Ağacları qalın, sıxma meşələrin içi ilə sallanıb, şellənib gedirik…
Qürurla…
İftixar hissi ilə…

…Cıdır düzündə, arzularımızın reallığa çevrildiyi bir məkanda xeyli gəzdik, qol-qola, əl-
ələ verib rəqs etdik, yallı getdik…
Bu müqəddəs torpağın ruhu hopmuş yumurtalı, zəfəranlı və dişimizin dibinəcən ləzzəti
qalmış, bir özgə təamlı kömbə çörək yedik…
Bu müqəddəs yol, bu səfər hamımızı elə ovsunlamışdı ki…
Təbiətin füsunkarlığı, uzun illərin həsrətindən sonra qismət olan vüsalın həyəcanı
və ən çox da, odlu istisi və isti odu ilə bizi salamlayan Şuşa Günəşinin sehri…
Fərqindəyəm ki, yaza biləcəklərim yazdıqlarımdan çoxdur, xeyli çox…
Nə etməli, qalanı da yeni səfərlərə…
Azadlığın, yeni cəlalın mübarək, Qarabağ!…
Salamat qal, sevimli “Cıdır düzü”!..
Yeni görüşlərədək, əzizim Şuşa!
Günəşli sevgilərlə, sevgili Günəşlə!..
Və xoş arzularla!..

İmamverdi İSMAYILOV,
   Milli Məclisin deputatı, yazıçı-publisist

Share