Tamam Cəfərova: Zirvə görüşü türk dövlətlərinin və xalqlarının çətin gündə bir-birinə dayaq durmalarını, həmrəyliyini, gücünü göstərdi

Tamam Cəfərova: Zirvə görüşü türk dövlətlərinin və xalqlarının çətin gündə bir-birinə dayaq durmalarını, həmrəyliyini, gücünü göstərdi

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu görüş həm əhəmiyyətinə, həm də zamanına və məkanına görə xüsusi məna kəsb edir.

Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü təşkil etdi. Bu görüş türk dövlətlərinin və xalqlarının çətin gündə bir-birinə dayaq durmalarını, həmrəyliyini, gücünü göstərdi. Prezident İlham Əliyevin də dediyi kimi, bizi birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.

Deputat diqqətə çatdırıb ki, epidemiyanın geniş yayıldığı dünyada iqtisadi münasibətlərin dayandığı, əməkdaşlıq edən tərəflərin bir-birindən imtina etdiyi bir dövrə təsadüf edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu konfrans böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Hazırda sərhədlərin bağlanması fonunda iqtisadi əlaqələrin qorunub saxlanması, xüsusilə də tranzit xətləri vasitəsilə yükdaşımaların həyata keçirilməsi, bütün bunların təhlükəsiz qaydada reallaşması qida və digər məhsulların təminatında əhəmiyyətli rol oynayır. Dünya tarixində heç bir iqtisadi və siyasi böhran, hətta dünya müharibələri koronavirus pandemiyası qədər ziyan vurmayıb və dünyadakı bütün əlaqələr, təminat zəncirinin qırılması fonunda Azərbaycan rəhbərinin təşəbbüsü təkcə şəxsi və ya fərdi səciyyə daşımır, bütün Yer planetinin qarşılaşdığı problemə qarşı mübarizə cəhdidir, nəcib addımdır.

Koronavirus pandemiyası şəraitində beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərdən danışan T.Cəfərova bildirib ki, hazırda beynəlxalq münasibətlər özünün yeni, amma mücərrəd və gərgin mərhələsini yaşamaqdadır. Dövlətlərarası əlaqələr pozulub, iqtisadi münasibətlər defolt olub, ümumilikdə isə İkinci Dünya müharibəsindən sonra formalaşan dünya nizamı pozulub. Ən vacib detal isə beynəlxalq məsuliyyət məhfumunun aktuallaşması və bir daha heç bir münasibətin, yanaşmanın əvvəlki kimi olmamasına işarə etməkdədir. Çünki dünyada bütün dövlətlərin öhdəlik kimi götürdüyü, beynəlxalq hüququn, ümümdünya nizamını idarə etmək üçün nəzərdə tutulan qanunvericilik sənədlərinin heç bir hüquqi və məcburi qüvvəsinin olmadığı fors-major yanaşmanın şahidiyik.

Share