Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir

Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir

10.04.2020 Off By admin

Bakı. Trend:

Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir.

Trend-in məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Türkmənistan Prezidneti qeyd edib:

“Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu sammitin təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm. Bu görüş bizə bütün dünya ölkələrinə aid olan qlobal xarakterli məsələləri müzakirə etməyə yaxşı imkan verir. Aydındır ki, bu gün bəşəriyyət geniş coğrafi sahəni əhatə edən ciddi çağırışla üzləşib”.

Hazırkı vəziyyətin bir çox dövlətlərə və xalqların həyatına mənfi təsir göstərdiyini deyən Türkmənistan Prezidenti dünyanı bürümüş bu təhdidə qarşı mübarizədə koordinasiyalı addımların, həmçinin xalqlarımızın humanizm, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsinin əhəmiyyətinə toxundu. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən danışdı. Bu vəziyyətdə ticari-iqtisadi əlaqələrin dayanıqlılığının təmin olunmasının və nəqliyyat əlaqəsinin fəaliyyətinin vacibliyini vurğulayan Prezident Qurbanqulu Berdiməhəmmədov dedi:

“Qeyd etmək istəyirəm ki, Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Xəzər dənizində Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir. Bu, böyük geoiqtisadi məkanda yük daşımaları baxımından çox vacib nəqliyyat dəhlizidir. Regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilib”.

“Biz ümumi tarixi olan qardaş ölkələr kimi malik olduğumuz yüksək mənəvi və sosial dəyərləri tam göstərməliyik”, – deyən Türkmənistan Prezidenti bu çətin anların birgə dəf ediləcəyinə, ölkələrimiz arasında əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.

Share