UNEC-in startapı Mələk İnvestorların Ümumdünya Forumunda təqdim olunub

22.02.2020 Off By admin

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Mərkəzinin direktoru Asəf Əsədov İstanbulda keçirilən Mələk İnvestorların Ümumdünya Forumunda iştirak edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, forumda 100 innovativ startapın və sürətlə inkişaf edən şirkətlərin təqdimatları keçirilib.

Asəf Əsədov forumda “Sağlam qida istehsalı üçün yaşıl texnologiyaların tətbiqi” adlı layihəni təqdim edib. Layihədə dünyada ilk dəfə olaraq, günəş enerjisinə əsaslanan, həm fermerlər, həm də sənaye müəssisələri üçün yararlı olan texnologiya sayəsində qlobal problemin həlli yolu göstərilib. Bildirilib ki, layihəyə əsasən, tez xarab olan pomidor və meyvələrin mövsümi itkilərinin minimuma endirilməsi və həmin məhsullardan az xərclərlə yüksək qiyməti olan sağlam qida məhsullarının istehsalı texnologiyası dünyada ilk olaraq Azərbaycanda hazırlanan prototipdə uğurla sınaqdan keçirilib.

Təqdimatda qeyd olunub ki, bu texnologiyanın kommersiyalaşdırılmasından bütün ölkələrin qida istehlakçıları, istehsalçıları və fermerlər yararlana bilər, eləcə də ətraf mühitin karbon qazından qorunması təmin oluna bilər.

Layihə ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.

Share