Vüsal Qasımlı: «Neft Fondunun portfeli indiki şoklara qarşı adekvatdır»

03.03.2020 Выкл. Автор admin

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) portfelinin valyuta strukturu çox ehtiyatlıdır və indiki şoklara qarşı adekvatdır.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Dövlət Neft Fondunun gəlirləri və portfelinin qlobal şoklara necə reaksiyasını şərh edərkən bildirib.

«Ötən il ARDNF-in aktivləri 12,5% artaraq 38,5 mlrd. ABŞ dollarından 43,3 mlrd. dollara çatıb. Bu ilin ilk iki ayında da Neft Fondunun aktivləri çoxalıb. Hazırda Fondun portfelinin 56,6%-ni ABŞ dolları, 31,4%-ini avro və 5,1%-ini ingilis funt sterlinqi təşkil edib. Çin yuanının portfeldəki xüsusi çəkisi 1%-ə belə çatmır. «Trading Economics»ə görə, ARDNF-in portfelindəki əsas valyuta ABŞ dollarının 2020-ci ildə digər valyutalara qarşı tədrici bahalaşması proqnozlaşdırılır. Beləliklə, Neft Fondunun portfelinin valyuta quruluşu əlverişlidir. Təsəvvür edin ki, keçən il valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına ARDNF-in büdcədənkənar gəliri 732 mln. manat təşkil edib. Fondun portfelinin valyuta strukturu çox ehtiyatlıdır və indiki şoklara qarşı adekvatdır», — deyə V. Qasımlı bildirib.

O həmçinin qeyd edib ki, ARDNF-in portfelinə aktivlər nöqteyi-nəzərindən də konservativ yanaşma var: «Təkcə ötən həftə dünyada qiymətli kağızlar bazarında trilyonlarla dollar itki olub. Dow Jones, NASDAQ və S&P 500 son həftədə 10%-dən çox ucuzlaşıb. Hansı ki, ARDNF-in portfelinin cəmi 14,1%-ni səhmlər təşkil edir. Fond digər riskli aktivlər sayılan aşağı reytinqli dövlətlərin və şirkətlərin borc kağızlarına da sərmayə yatırmayıb. Beləliklə, ARDNF-in portfelinə aktivlər nöqteyi-nəzərindən də konservativ yanaşma var».

Share