
Xalq artisti: “Qarabağ” muğam qrupunun hərarətlə alqışlanması ümumilikdə Azərbaycan musiqisinə göstərilən ehtiramdır
27.12.2019Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Qrupu Ankarada keçirdiyi konsertdə “Qarabağ” muğam qrupunun möhtəşəm ifası qəlbimizdə silinməz izlər buraxdı. Qrupumuzun hərarətlə alqışlanması ümumilikdə Azərbaycan musiqisinə göstərilən ehtiramdır.
Bu fikirləri açıqlamasında “Qarabağ” muğam qrupunun rəhbəri, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov ifadə edib. Xanəndə deyib: “Fəxr edirik ki, Azərbaycanın tarixi köklərə bağlı olan muğam musiqisi dünyanın hər yerində seçilir və sevilir. Qardaş Türkiyədə hərarətli alqışlar qazanmaq daha böyük qürurdur”.
Qeyd edək ki, “Türk dünyasından ustadlar keçdi” devizi ilə təşkil olunan konsert alqışlarla qarşılanıb. Xanəndə Mənsum İbrahimovu Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara