Dünyanın “xeyirxahlıq mələyi” Rohingya qaçqınlarını ziyarət edib

Dünyanın “xeyirxahlıq mələyi” Rohingya qaçqınlarını ziyarət edib

Fevral 5, 2019

Dünyanın “xeyirxahlıq mələyi” adlandırılan Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Anjelina Jolie Banqladeşdə qaçqın düşərgələrində məskunlaşmış Rohingya müsəlmanlarını ziyarət edib.

AZƏRTAC BMT-nin informasiya mərkəzinə istinadla xəbər verir ki, təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığını təmsil edən məşhur aktrisa 3 gün müddətində Banqladeşin Kox Bazar şəhərində Kutapalonq qaçqın düşərgəsində acınacaqlı şəraitdə yaşayan insanlarla görüşüb, onlara humanitar yardım göstərəcəyini bildirib. O, həmçinin Banqladeş hökumətinin də bu qaçqınların problemləri ilə bağlı ehtiyacları ilə maraqlanıb.

A.Jolie Banqladeşin Baş naziri Şeyh Hasina Vecid və xarici işlər naziri Abdul Momen ilə Dəkkədə keçirdiyi görüşlərdə də Rohingya müsəlmanlarına yardım məsələlərini müzakirə edib.

2017-ci ilin avqustundan bəri Myanmada hökumətin silahlı qüvvələrinin təqib və qətllərindən qaçan 1 milyona yaxın Rohingya müsəlmanı Banqladeşdə sığınacaq tapıb. Onlardan 620 mini Kutapalonq düşərgələrində yerləşdirilib. Silahlı münaqişə başlayandan Myanmada 24 min müsəlman öldürülüb.

PAYLAŞMAQ: