Avropa Komissiyası cinayət törətmiş qaçqınların deportasiyasına qarşıdır

Avropa Komissiyası cinayət törətmiş qaçqınların deportasiyasına qarşıdır

Fevral 8, 2019

Avropa Komissiyası cinayət törətmiş qaçqınların ölkədən deportasiya edilməsi təklifini rədd edib.

AZƏRTAC xəbər verir ki, Avstriyanın daxili işlər naziri Herbert Kikl Avropada yüngül cinayətlər də daxil olmaqla hər cür qanun pozuntusuna yol vermiş qaçqınların ölkədən deportasiya edilməsinə müsbət rəy verilməsi üçün Komissiyaya müraciət edib. Avropa Komissiyası bu təklifi rədd edərək, belə bir addımın qaçqınların statusuna dair 1951-ci il Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil etdiyini bildirib.

Avropa İttifaqının (Aİ) miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopoulos cavab məktubunda qeyd edib ki, hazırda Avropa Parlamenti ilə cinayət törətmiş qaçqınların ölkədə yaşama icazəsinin ləğv edilməsinin sadələşdirilməsi barədə danışıqlar aparılır. Komissiya danışıqlarda belə bir qadağanın yalnız ölkənin milli təhlükəsizliyi üçün problem yaradan şəxslərə şamil olunmasını təklif edir. Eyni zamanda, Komissiya hansısa ölkədə cinayət törətmiş qaçqın statuslu şəxsin həmin statusunun deyil, yalnız aidiyyəti ölkədə yaşama icazəsinin ləğv edilməsi təklifi üzərində da işləyir.

Bu cavaba qane olmayan H. Kikl Aİ ölkələri daxili işlər nazirlərinin növbəti toplantısında ikitərəfli danışıqlar çərçivəsində belə bir qadağanın tətbiqi üçün tərəfdarlar toplamaq niyyətindədir. Artıq Niderland Krallığında Avstriyanın təklifi ilə bağlı müsbət siqnal verilib, bu ölkənin miqrasiya məsələləri üzrə naziri Markus Harbers təklifə digər üzv dövlətlərin də qoşulacağına ümidvar olduğunu bildirib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

PAYLAŞMAQ: