Kopenhagen Biznes Məktəbinin tələbələri Azərbaycan tarixi barədə mühazirəni dinləyib

Kopenhagen Biznes Məktəbinin tələbələri Azərbaycan tarixi barədə mühazirəni dinləyib

03.05.2019

9:29

Kopenhagendə, Türk Akademiklər Birliyi və Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə ölkənin ən qabaqcıl ali təhsil müəssisələrindən olan Kopenhagen Biznes Məktəbinin (Copenhagen Business School) tələbələrinə Azərbaycan tarixi barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə mühazirə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin sədri Mehmet Salih Demir rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib. Keçirilən tədbirin əhəmiyyətini qeyd edən Mehmet Salih Demir, yerli ictimaiyyətin və tələbələrin Azərbaycan tarixi ilə tanış olmasının vacibliyini qeyd edib.

Tədbirdə Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi və təşkilatın sədr müavini Zaur Qubadovun Azərbaycanla bağlı mühazirəsi dinlənilib, onlar ölkəmizin tarixində baş verən vacib hadisələr barəsində ətraflı məlumat veriblər.

Səfər Sadiqi Kopenhagen Biznes Məktəbinin tələbələrinə və qonaqlara tarixi sənədlərə əsaslanaraq təqdimat keçirib. Müxtəlif məlumatverici videoların istifadə edildiyi təqdimatda Azərbaycanın keçdiyi tarixi yoldan və bu gün qazandığı uğurlardan danışılıb.

Tədbir iştirakçılarının böyük marağına səbəb olan mühazirə fikir mübadiləsi və sual-cavab formasında davam edib.

Qeyd edək ki, tədbirdə yerli Danimarka ictimaiyyəti, türk və Azərbaycan diaspor üzviləri ilə yanaşı, Türkiyə Cümhuriyyətinin Kopenhagendə fəaliyyət göstərən səfirliyinin də əməkdaşları iştirak ediblər.

PAYLAŞMAQ: