Yan Çieçi: Çin Yaxın Şərqdə hazırkı vəziyyətdən xeyli narahatdır

04.01.2020 Выкл. Автор admin

Çin Xalq Respublikası Yaxın Şərqdə hazırkı vəziyyətdən xeyli narahatdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Mərkəzi Komitənin xarici məsələlər komissiyasının sədri Yan Çieçi ABŞ dövlət katibi Mayk Pompeo ilə Birləşmiş Ştatlar rəsmisinin istəyi əsasında baş tutan telefon danışığı zamanı deyib.

Çin rəsmisi ölkəsinin fikir ayrılıqlarının danışıqlar və məsləhətləşmələr yolu ilə həllinə tərəfdar olduğunu, beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxdığını bildirib. Çin rəsmisi tərəflərin təmkinli davranacaqlarına və problemlərin dialoq vasitəsilə həlli yoluna qayıdacaqlarına ümid etdiyini deyib.

Mayk Pompeo ABŞ-ın Yaxın Şərqdəki vəziyyətə dair mövqeyi barədə məlumat verib.

Telefon danışığı zamanı Çin-ABŞ münasibətlərinə dair fikir mübadiləsi də aparılıb.