Yeni tədris ilindən 145 müəllim Qubada pedaqoji fəaliyyətə başlayıb

Yeni tədris ilindən 145 müəllim Qubada pedaqoji fəaliyyətə başlayıb

04.10.2019

11:36

Cari tədris ilində 145 nəfər müəllimin işə qəbulu müsabiqəsində uğur qazanaraq Quba rayonunda pedaqoji fəaliyyətə başlayıb. Onlardan 85 nəfər müddətsiz müqavilə, 60 nəfər isə müddətli müqavilə ilə işə düzəlib. İşə qəbul prosesi hazırda davam etdirilir.

Bu barədə Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsi zamanı məlumat verib.

R.Hacıyev bildirib ki, Quba rayonu üzrə müəllimlərin işə qəbulu müsabiqəsində rayondan 255 vakant iş yeri göstərilib.

“Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər keçirilib. Bu tədbirlər müəllimlər arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Təsadüfi deyil ki, 2019-cu ildə Quba rayonu üzrə 600-dən yuxarı bal toplayan 4 məzun müəllim peşəsini seçib. Ümumilikdə isə cari ildə ali təhsil müəssisələrinə qəbul olunan 197 nəfər müəllimlik peşəsinə üstünlük verib”, – deyə R.Hacıyev vurğulayıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə ölkəmizdə 7 mindən çox müəllim işə qəbul olunub. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul edilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email